Dövlət qulluqçusu dövlətin idarəetmə sisteminin güzgüsüdür
Bakı, 21 iyun, AZƏRTAC
Dövlət qulluqçularının peşə bayramı günü paytaxtın Suraxanı rayonunda qeyd edilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbir rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “Dövlət qulluğu haqqında” Qanun əsasında Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmiş bu peşə bayramı həmin sahədə çalışan şəxslərə hər il böyük sevinc bəxş etməklə yanaşı, həm də dövlət qulluqçularının bütün xalq qarşısında mənəvi hesabatına çevrilib. Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndərin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaq. Heydər Əliyevin bütün insani keyfiyyətləri etalon sayıldığı kimi, idarəçilik sahəsində fəaliyyəti də dövlət qulluqçusunu səciyyələndirən ən yüksək meyardır. Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri Prezident İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizdə dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd edib ki, dövlət qulluqçularının fəaliyyətinin ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas prinsipləri və bu günün tələbləri baxımından onların qarşısında duran vəzifələri Prezident İlham Əliyev daha da genişləndirib və konkretləşdirib. Dövlət qulluqçusu dövlətin idarəetmə sisteminin güzgüsüdür və bu güzgünün şəffaf, ləkəsiz olması hər bir dövlət qulluqçusunun hərəkətlərindən, davranışından, prinsipiallığından, mənəvi keyfiyyətlərindən çox asılıdır.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayon prokuroru Rəhim Əliyev, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Altun Quliyev çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik ediblər.
Dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə rayonun bir qrup dövlət qulluqçusuna icra hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilib.