İDMAN


“EYOF Bakı 2019”: Üzgüçülük yarışlarının ikinci günündə Rusiya atletləri üç qızıl medal qazanıblar

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarında ikinci günə yekun vurulub. Bu gün fəxri kürsüdə 11 ölkə təmsil olunub.

AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə Azərbaycan üzgüçülərindən yalnız Ramil Vəlizadə uğurlu çıxışı ilə yadda qalıb. O, 200 metr məsafəyə batterflay üsulla üzmə yarışının təsnifat mərhələsində 2 dəqiqə 3,27 saniyə nəticə göstərərərk yarımfinalda mübarizə aparmaq imkanı qazanıb. Yarımfinal mərhələsində finişə 2 dəqiqə 2,63 saniyəyə çatan atletimiz finala vəsiqə əldə edib. Təmsilçimiz iyulun 24-də medallar uğrunda mübarizə aparacaq.

Digər üzgüçülərimiz Maksim Petrenko 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 56,78, Aysel Səfərova 400 metr məsafəyə sərbəst üzmə yarışında 4 dəqiqə 47,84 saniyə nəticə göstərib. Bu nəticə onların medallar uğrunda mübarizə aparması üçün yetərli olmayıb. 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışındakı təmsilçimiz Rəşad Alquliyev finişə 17 dəqiqə 36,55 saniyəyə çatıb. Bu isə təmsilçimizin medal qazanmasına kifayət etməyib.

Kişilər arasında 100 metr məsafəyə arxası üstə üzmə yarışlarında rusiyalı atlet Aleksey Tkaçev rəqiblərini qabaqlayaraq birinci olub. Macarıstanlı Hubert Kos gümüş, İsrail təmsilçisi Adam Maraana isə bürünc medal əldə edib.

Türkiyəli atlet Beril Böcekler qadınlar arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında finişə rəqiblərindən tez çataraq çempion olub. Freya Kolbert (Böyük Britaniya) ikinci, Marqarita Varulnikova (Rusiya) üçüncü pillədə qərarlaşıb.

Qadınlar arasında 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında Sofiya Sartori (İtaliya) qızıl, Merve Tuncel (Türkiyə) gümüş, Sofi Friman (Böyük Britaniya) bürünc medal qazanıblar.

Qadınlar arasında 200 metr məsafəyə arxası üstə üzmə yarışında Böyük Britaniya atleti Keyti Şanahan finişə hamıdan tez çatıb. İtaliyalı Françeska Qaytani Erika gümüş, Türkiyə təmsilçisi Sudem Denizli isə bürünc medal əldə ediblər.

Kişilər arasında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında ilk üç yeri Dmitri Asxabov (Rusiya), Rostislav Krıjanivski (Ukrayna), Brendan Fitzpatrik (Fransa) tutublar.

Qadınlar arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında ilk üç pillədə müvafiq olaraq Aleksandra Sabitova (Rusiya), Tamrin Van Selm (Böyük Britaniya), Karmen Veyler Sastr (İspaniya) qərarlaşıb.

“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə 4x100 metr məsafəyə qarışıq sərbəst ötüşmə yarışlarının qalibi Böyük Britaniya atletləri (3 dəqiqə 32,48 saniyə) olublar. Finalda 3 dəqiqə 34,62 saniyə nəticə göstərən Rusiya idmançıları ikinci yer tutublar. Finişə 3 dəqiqə 36,12 saniyəyə çatan Almaniya təmsilçiləri isə ilk üçlüyü tamamlayıblar. Növbəti yerlərdə müvafiq olaraq İtaliya, İspaniya, Macarıstan, Belçika və Türkiyə atletləri qərarlaşıblar.

Kişilər arasında 1500 metr məsafəyə sərbəst üzmə yarışında 15 dəqiqə 4,75 saniyə nəticə göstərən xorvatiyalı Franko Qrqiç fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Macarıstanlı David Betlehem (15 dəqiqə 15,60 saniyə) ikinci, almaniyalı Silas Bet (15 dəqiqə 20,58 saniyə) isə üçüncü yeri tutub.

Sonra yarışlarda ilk üç yeri tutan atletlər təltif olunublar. Mükafatlandırma mərasimində Milli Məclisin deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və başqaları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.