İDMAN
Elgiz Əlizadə: Hazırda ölkəmizdəki parklarda məşq etmək üçün hər cür şərait yaradılıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Ölkəmizdə tətbiq olunan sərt karantin rejimi zamanı idmançılarımızı onlayn məşqlərə cəlb etdik. İdmançıları həvəsləndirmək üçün onlayn yarış da keçirdik. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 50 idmançı mübarizə apardı.
Bu sözləri Azərbaycan Kapoeyra Federasiyasının (AKF) baş məşqçisi, Məşqçilər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Elgiz Əlizadə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
E.Əlizadə bildirib ki, həmin idmançılar fərdi bacarıqlarını nümayiş etdirməklə birincilik uğrunda mübarizə aparıblar. Qaliblər onlayn platforma üzərindən müəyyənləşdirilib. Yarışın mükafatçıları Ümumdünya Kapoeyra Federasiyasının təşkilatçılığı ilə oktyabrda keçiriləcək beynəlxalq onlayn turnirdə iştirak hüququ qazanıblar.
“Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı ilə artıq açıq havada məşqlər davam etdirilir. Ölkəmizdəki parklarda məşq etmək üçün hər cür şərait yaradılıb. Əsas məqsədimiz beynəlxalq onlayn turnirdə idmançılarımızın uğurla çıxış etməsidir. Həmin turnirdə 100-dən artıq idmançı gücünü sınayacaq. Əsas rəqibimiz isə Braziliya idmançıları olacaqlar. Biz pandemiya ərəfəsində idmandan uzaqlaşmış atletlərimizin formalarını bərpa etməsinə çalışırıq”, - deyə E.Əlizadə əlavə edib.
Məşqçi bildirib ki, cari il Ümumdünya Kapoeyra Federasiyasının təqvimi çox sıx olub. Ancaq pandemiya səbəbindən bütün yarışlar ləğv edilib. Artıq 2020-ci il mövsümü başa çatıb. Yalnız onlayn yarışlar təşkil olunacaq.