ELM VƏ TƏHSİL


Fəlsəfə doktorluğuna iddialı olan tədqiqatçıların fəaliyyətinin monitorinqi aparılır

Bakı, 21 yanvar, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə doktorluğuna iddialı olan bir qrup tədqiqatçının dissertasiya mövzuları üzrə apardıqları tədqiqatlar və əldə etdikləri nəticələrin müzakirəsinə həsr olunmuş onlayn elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, doktorant Şəlalə Mansurova “Böyük həcmli məlumatların analizi üçün interaktiv klasterləşdirmə metodları” mövzusu üzrə apardığı tədqiqatlardan bəhs edib. O qeyd edib ki, dissertasiya işinin məqsədi müasir kompüterlərin yaddaş və hesablama resursları çərçivəsində böyük həcmli məlumatların analizini həyata keçirməyə imkan verən metod və alqoritmlərin işlənilməsidir.

Sonra doktorant Ləman Həmidova “Etnobotanika informasiya sisteminin işlənilməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verib. O, işin əsas məqsədinin etnobotanika informasiya sistemlərinin elmi-nəzəri və metodoloji əsaslarının, onun optimal idarə edilməsi üsullarının işlənilməsi və strukturlaşdırılmış vahid verilənlər bazasının yaradılmasından ibarət olduğunu vurğulayıb.

İnstitutun doktorantı Orxan Vəlixanlı “Proqram məhsullarının təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi üzrə apardığı tədqiqatların məqsədi, aktuallığı, qarşıya qoyulmuş məsələlər, dərc olunmuş məqalələr və s. barədə məlumat verib.

Bildirib ki, işin əsas məqsədi proqram məhsullarında edilən dəyişiklikləri və boşluqları yüksək dəqiqliklə tanıya bilən, zərərli proqramları aşkarlaya bilən, yüksək sürətli, özü-özünü təlimləndirən, müxtəlif hücumların təsirinə qarşı dayanıqlı olan intellektual metod və alqoritmlərin işlənilməsidir.

Daha sonra tədqiqatçıların dissertasiya işi ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, tədqiqatların davam etdirilməsinə dair təkliflər səsləndirilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxışı zamanı hər bir tədqiqatçıya dissertasiya işləri üzrə dərin elmi araşdırmaların aparılması ilə bağlı tövsiyələrini verib. Tədqiqat üzrə konkret istiqamətlərin müəyyənləşdirilməsinin önəmini vurğulayan akademik hər bir mövzu üzrə beynəlxalq təcrübənin araşdırılmasının daha səmərəli nəticələrin əldə edilməsi baxımından vacib olduğunu nəzərə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.