REGİONLAR


Gəncədə Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları maarifləndirmə tədbirlərini davam etdirirlər

Gəncə, 21 iyun, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işləri aparıblar.

Tərkibində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının da olduğu 32 mobil qrupun üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçiriblər. Onlar mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında əhaliyə karantin rejiminin tələblərinə əməl etməyi və ehtiyac olmadığı təqdirdə, evdən çıxmamağı tövsiyə ediblər. Zərurət qarşısında qalaraq, evdən çıxan sakinlərə isə ehtiyyatlı davranmaq, tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq tövsiyə edilib.

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Nəqliyyat və Sərnişindaşıma İdarəsi də maarifləndirmə tədbirlərini davam etdirir. Belə ki, idarənin əməkdaşları dayanacaqlar və ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə profilaktiki söhbətlər aparıblar. Vətəndaşlara sanitar-gigiyenik normalara əməl edilməsinin vacibliyi xatırladılaraq, tibbi maskalar paylanılıb. Bununla yanaşı, mobil qrupların üzvləri tərəfindən sakinlərə üzərində COVID-19 infeksiyasından qorunma yollarının əks olunduğu bukletlər də paylanılıb.

Qeyd edək ki, Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.