Hər il dünyada 16 mindən çox insan döş qəfəsinin travmatik zədələnmələri səbəbindən vəfat edir VİDEO
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Döş qəfəsi travmalarında müasir diaqnostika və müalicə üsulları (videotorakoskopiyanın yeri)” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev klinikada təkcə müalicə işlərinin deyil, tədris və elmin yeniliklərinin də daim diqqətdə saxlanıldığını deyib. Klinikanın direktoru torakal cərrahiyyənin ümumi cərrahiyyə problemləri içərisində ən çətini olduğunu qeyd edib. Direktor ölkəmizdə cərrahiyyənin inkişaf etdiyini bildirsə də döş qəfəsi cərrahiyyəsi ilə məşğul olanların sayının az olduğunu diqqətə çatdırıb.
Klinikanın direktoru avtoqəzalar, müxtəlif hadisələr zamanı zədələnmə hallarının artdığını və bu səbəbdən mövzunun aktual olduğunu bildirib. S.Hadıyev belə seminarların həkim və tələbələrin bilik və bacarıqlarının artırılmasında rolundan bəhs edib.
Seminar məruzələrlə davam etdirilib.
“Döş qəfəsinin travmatik zədələnmələrinin radiodiaqnostikası” mövzusunda məruzə edən tibb elmləri doktoru, dosent Məlahət Sultanova döş qəfəsinin travmatik zədələnmələrinin 20-25 faiz hallarda ölümlə nəticələndiyini bildirib. M.Sultanova hər il dünyada 16 mindən çox insanın bu səbəbdən vəfat etdiyini diqqətə çatdırıb. “Torakal zədələnmələr zamanı ilk 30 dəqiqə - 2 saat ərzində baş verən fəsadlar və ağırlaşmalar korreksiya oluna bilən hallardır. Belə halların korreksiyası mütəxəssislərin - radioloqların, təcili tibbi yardım həkimlərinin, cərrahların bu sahəyə dair biliklərinin çox yüksək səviyyədə olmasını tələb edir”, - deyə M.Sultanova qeyd edib.
Klinikanın torakal cərrahı, tibb üzrə fəlsəfə doktoru Arif Ağayev “Döş qəfəsi travmalarında müasir diaqnostika və müalicə üsulları (videotorakoskopiyanın yeri)” mövzusunda etdiyi məruzə zamanı toraks travmalarının 40 yaşadək ölüm səbəbləri arasında birinci, bütün yaş qrupları üzrə isə üçüncü yerdə olduğunu diqqətə çatdırıb: “Gənclər arasında travmaların əsas səbəbi yol-nəqliyyat hadisələri, 65 yaşdan yuxarı insanlar arasında isə 40 faiz hallarda yıxılmalardır. Toraks travması küt və daxilə diffuz edən olaraq qruplaşdırılır. Küt travmalar daha çox qeydə alınır və təhlükəlilik səviyyəsi yüksəkdir. Toraks travması zamanı ölümə traxeo-bronxial yaralanmalar, sekresiya və ya qanama səbəbi ilə nəfəs yollarının obstruksiyası, pnevmotoraks, hemotoraks, ağciyər kontuziyası, hemorragiya- hemorragik şok, ürək zədələnməsi, ürək tamponandası səbəb olur”.
A.Ağayev döş qəfəsi travmalarında müasir müalicə və diaqnostika üsulları haqqında ətraflı məlumat verib, mövzuya dair videoçarxlar nümayiş etdirib.
Rezident, həkim-fizioterapevt Zərqələm Əsgərova “Döş qəfəsi travmalarında reabilitasiya” mövzusunda çıxış edərək pulmonar reabilitasiyanın məqsədləri və faydalarından bəhs edib.
Həmçinin Türkiyənin İstanbul Tibb Fakültəsinin rezidenti Fəhmin Əmirov “Malign döş qəfəsi törəmələrində rezeksiya və rekonstruksiya texnikaları” mövzusunda təqdimatla çıxış edib, öz təcrübələrini bölüşüb.
Seminarda mövzular ətrafında müzakirələr aparılıb, tövsiyələr verilib.
Ümumi cərrahiyyə xəstəlikləri kafedrasının müdiri, professor Elçin Ağayev belə seminarların yeniliklərdən xəbərdar olmaq, təcrübələri paylaşmaq baxımından faydalı olduğunu diqqətə çatdırıb və məruzəçilərin hər birinə aktual və maraqlı mövzulara toxunduqlarına görə minnətdarlığını bildirib.