İDMAN
Hüseyn Məmmədli: Turnirdə hər dəfə qələbəmizin şərəfinə bayrağımız qaldırılanda qürur hissi keçirirdik
Bakı, 22 mart, Leyla Qurbanova, AZƏRTAC
Qran-Pri turnirində qızıl medal qazanmağı qarşıya məqsəd qoymuşdum, ona da nail oldum.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xorvatiyanın Samobor şəhərində keçirilən 30-cu Qran-Pri turnirində qızıl medal qazanmış dünya birinciliyinin gümüş mükafatçısı Hüseyn Məmmədli deyib.
Altmış yeddi kiloqram çəki dərəcəsində 18-21 yaşlılar arasında mübarizə aparan karateçimiz qeyd edib ki, yarışda qazandıqları qələbə onlara unudulmaz hisslər bəxş edib: “Komandamızın əldə etdiyi 5 qızıl medaldan birini mən qazandım. Turnirdə hər dəfə qələbəmizin şərəfinə bayrağımız qaldırılanda, Dövlət Himnimiz səsləndiriləndə qürur hissi keçirirdik. Əldə etdiyimiz qələbə bizə unudulmaz hisslər yaşatdı”.
Komandanın yarışa ciddi hazırlaşdığını bildirən karateçi qeyd edib ki, nəticə onlar üçün çox uğurlu olub: “Hamımız tatamiyə qələbə üçün çıxırdıq. Rəqiblərimiz güclü olsalar da, onların öhdəsindən gəlmək üçün sona qədər mübarizə aparırdıq. Yarışa ciddi hazırlaşdığımız üçün nəticə uğurlu oldu. Bizi qarşıda Avropa çempionatı gözləyir. Eləcə də, bu il bir sıra nüfuzlu yarışlar keçiriləcək. Növbəti turnirlərdə də, federasiya rəhbərliyinin, məşqçilərimizin etimadını doğrultmaq üçün bütün səylərimizi toplayacağıq”.