SİYASƏT


“İslamabad Bəyannaməsi”ndə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə dəstək ifadə olunub

Qahirə, 25 mart, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının martın 22-23-də Pakistanda keçirilmiş 48-ci sessiyasında qəbul olunmuş “İslamabad Bəyannaməsində” Azərbaycanın işıqladan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə dəstək ifadə olunub.

AZƏRTAC xəbər verir ki, sənəddə yazılıb: “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında silahlı münaqişənin sona çatmasını alqışlayan İƏT-in xarici işlər nazirləri Ermənistanın təcavüzündən ciddi zərər çəkmiş işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması səylərində Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduqlarını bir daha təsdiq etdilər. Bu işlər məcburi köçkünlərin tezliklə təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasına imkan yaratmaq məqsədi daşıyır”.

Yetmiş bənddən ibarət olan “İslamabad Bəyannaməsi”ndə, həmçinin Fələstin və Cammu və Kəşmir problemlərinin BMT-nin Nizamnaməsi çərçivəsində həlli, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq, münaqişələrin sülh yolu ilə nizama salınması kimi müddəalar yer alıb. Sənəddə qeyd olunub ki, Fələstin və Qüds Əl-Şərif problemi müsəlmanlar üçün mühümdür və bu məsələ Fələstin Dövlətinin 1967-ci il sərhədləri çərçivəsində suverenliyinin bərpa olunması ilə nizama salınmalıdır. Cammu və Kəşmir problemi də BMT Təhlükəsizlik Şurası və İƏT-in qətnamələrinə uyğun şəkildə həllini tapmalıdır. İƏT, həmçinin Hindistan hökumətinin bu ərazilərdə 2019-cu ilin avqustundan bəri həyata keçirdiyi qanunsuz məskunlaşma siyasətini pisləyir.

İƏT xarici işlər nazirləri husi qiyamçılarının Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı terror hücumlarını da pisləyib, Afrikanın Sahil regionunda quraqlıq və silahlı münaqişələr nəticəsində yaranmış humanitar fəlakətlə bağlı bu ölkələrə dəstəyini ifadə ediblər.

“İslamabad Bəyannaməsi”ndə Ukrayna ətrafında yaranmış böhranın da BMT Nizamnaməsinə uyğun, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə əməl edilməsi çərçivəsində həllinin vacibliyi vurğulanıb. Sənəddə İƏT ölkələrinin bu məsələdə vasitəçi qismində çıxış etmək niyyəti, habelə Əfqanıstanda vəziyyət, Rohinca müsəlmanlarının hüquqları, İslamofobiya ilə mübarizəyə aid müddəalar da öz əksini tapıb.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.