İQTİSADİYYAT
İsveçrənin Turqau kantonu Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır
Bern, 5 iyul, AZƏRTAC
İsveçrənin Turqau kantonu Azərbaycan ilə iqtisadi əlaqələri dərinləşdirməkdə maraqlıdır.
Bu barədə İsveçrənin nüfuzlu gündəlik “Tagblatt” qəzeti məlumat verib.
AZƏRTAC xəbər verir ki, məqalədə bu kantonun Sənaye və Ticarət Palatasının (STP) Azərbaycan ilə əməkdaşlığı gücləndirmək məqsədilə Kroytslinqen şəhərində razılaşma imzaladığı vurğulanıb. Qeyd olunub ki, sənəd Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev tərəfindən imzalanıb. Görüşdə, həmçinin Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova, STP-nin prezidenti Xristian Noyvayler və digər şəxslər iştirak ediblər.
Məqalədə bildirilib ki, hər iki ölkə iqtisadi və siyasi sahələrdə yaxşı münasibətlər qurublar. “Azərbaycan Dəmir Yolları” QSC “Stadler Rail” şirkəti ilə işgüzar əlaqələri uğurla davam etdirir. İsveçrə Azərbaycanda qeyri-neft sektoruna yatırılan sərmayələrin həcminə görə birinci yerdə dayanır. Həmçinin 2012-ci ildə İsveçrədə 172 yanacaqdoldurma məntəqəsi alan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu ölkədə uğurlu iqtisadi fəaliyyət qura bilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern