DÜNYA
KXDR 200 amerikalı hərbçinin cəsədlərinin qalığını ABŞ-a verib
Bakı, 21 iyun, AZƏRTAC
KXDR Koreya müharibəsi zamanı həlak olan 200 amerikalı hərbçinin cəsədlərinin qalığını ABŞ-a təhvil verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Minnesota ştatının Dulut şəhərində tərəfdarları qarşısında çıxış edərkən bildirib. “Reuters” agentliyinin məlumatına əsasən, həlak olan hərbçilərin şəxsiyyətinin müəyyən edilməsi prosesi aylar və hətta illər uzunu sürə bilər.
1950-1953-cü illərdə baş verən Koreya müharibəsi zamanı 7,7 min amerikalı hərbçi itkin düşmüşdü. Bir qədər əvvəl Pentaqon 200 amerikalı hərbçinin cəsədlərinin qalıqlarının KXDR-də olduğunu bildirmişdi.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In iyunun 12-də Sinqapurda baş tutan sammitdə birgə sənədə imza atıblar. ABŞ-ın təhlükəsizlik zəmanətinin əvəzinə Pxenyan üzərinə Koreya yarımadasının nüvəsizləşdirilməsi öhdəliyi götürüb. Bundan başqa, Tramp yarımadada Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmağı vəd edib.