ELM VƏ TƏHSİL


Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 21-də Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2019-2020-ci tədris ilində Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrin bir qrupu ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsilə xüsusi diqqət göstərildiyini bildirib, bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışıb.

HTP çərçivəsində təhsil almaq üçün müraciət edənlərin sayının ildən-ilə artdığını vurğulayan nazir müavini qeyd edib ki, 2019-2020-ci tədris ili üçün keçirilən müsabiqədə seçim yüksək rəqabətlilik şəraitində reallaşıb. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan F.Qurbanov onların ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini bildirib.

Azərbaycanın xaricdə təhsil ənənələri barədə məlumat verən nazir müavini ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, hazırda bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirildiyini söyləyib.

Nazir müavini ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda nüfuzlu ali məktəblərdə oxumağa göndərildiyini, müstəqillik illərində xaricdə həm Hökumətlərarası Təqaüd Proqramları, həm də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini qeyd edib.

Çıxışının sonunda Firudin Qurbanov tələbələri təbrik edərək onlara tövsiyələrini verib, təhsillərində uğurlar arzulayıb.

Bildirilib ki, 2019-2020-ci tədris ili üzrə Macarıstanda 177, Latviyada 13, Çində isə 30 nəfər təhsil alacaq.

Sonda tələbələri maraqlandıran suallarla bağlı geniş fikir mübadiləsi aparılıb.

Macarıstan, Çin və Latviya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.