Medianın İnkişafı Agentliyində jurnalistlər üçün treninq keçirilir
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə oktyabrın 4-də “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında treninqlərin keçirilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 8-dək davam edəcək təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb. İngilis dilində təşkil olunan treninqdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb. Hər birində 20 nəfərin olduğu iki qrupda keçirilən təlim beş gün davam edəcək.
Təlimlər MEDİA-nın inzibati binasında keçirilir.
Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.