ELM VƏ TƏHSİL


Mərakeş yaşıl hidrogen istehsalı üzrə dünyada liderlərdən biridir

Rabat, 21 yanvar, AZƏRTAC

Günəş və külək enerjisi istehsalının tərəfdarı olan Mərakeş Krallığı ekoloji təmiz hidrogen istehsalını 2030-cu ilə qədər bu sahədə özünün ən ümidverici hədəflərindən biri kimi elan edib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Bərpaolunan Energetika Agentliyinin (IRENA) “Enerjinin çevrilməsi geosiyasəti: hidrogen amili” adlı hesabatında Mərakeş təmiz hidrogenin əsas istehsalçıları olacaq ölkələrin ilk beşliyinə daxil edilib. Agentliyin hesablamalarına görə 2050-ci ilə qədər dünyada enerji istehlakının 12 faizə qədəri hidrogendən istifadənin payına düşə bilər. Hesab edilir ki, aşağı karbonlu enerjinin bu növü dünya energetikasının landşaftını da dəyişə bilər.

Mərakeş hökuməti “Yaşıl hidrogen üzrə yol xəritəsi” adlı ambisiyalı layihənin ilk təşəbbüskarlarından biridir. Krallıq 2030-cu ilə qədər 4 teravat-saat (TVts) həcmində yerli hidrogen bazarı və 10 TVts gücündə ixrac bazarı yaradılmasını nəzərdə tutur. Bundan ötrü bərpaolunan enerji mənbələri əsasında ümumi gücü 6 Giqavata qədər olan elektrik stansiyası tikilməsi tələb olunur. Bununla əlaqədar 15 mindən çox iş yeri yaradılması planlaşdırılır.

IRENA agentliyinin hesablamalarına görə, Mərakeş Krallığı bərpaolunan enerji mənbələrinin, xüsusən oradakı günəş və külək enerjisinin sanballı potensialından istifadə etməklə ucuz qiymətə yaşıl hidrogen istehsal edə biləcək ölkələrdən biridir. Bundan əlavə, Mərakeş yaşıl hidrogendən istifadənin inkişafı sayəsində enerjinin netto idxalatçısından onun ixracatçısına çevrilməlidir.

Amerikadakı “McKinsey & Company” beynəlxalq konsaltinq firmasının hesablamalarına görə, Mərakeş dünyada yaşıl hidrogenə tələbatının 4 faizinə qədərini təmin edə bilər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.