Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 25 məsələ müzakirə olunub

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da parlamentin sədri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Komitə sədri Siyavuş Novruzov, deputatlardan Razi Nurullayev, Azay Quliyev, Sabir Rüstəmxanlı, Əli Məsimli, Tural Gəncəliyev, Rəşad Mahmudov, Şahin İsmayılov, Məlahət İbrahimqızı son günlər ərzində Şuşa-Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının həyata keçirdiyi etiraz aksiyası ilə bağlı fikirlərini açıqlayıb, aksiya iştirakçılarının mövqeyini dəstəklədiklərini bildiriblər. Millət vəkilləri ekoloqların bu ərazilərdə monitorinq keçirməsinə maneçilik törədilməsini pisləyərək qeyd ediblər ki, Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulmalıdır. Ermənistanın bu dinc aksiyanı təhrif olunmuş şəkildə beynəlxalq ictimaiyyətə çatdırdığını deyən deputatlar bu aksiyanı Azərbaycan xalqının erməni tərəfinin davam etdirdiyi təxribatlara, talançılığa və sülhməramlıların fəaliyyətinə narazılığının ifadəsi kimi dəyərləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova son iki gündə parlamentdə mühüm mövzularla bağlı dinləmələrin keçirildiyini diqqətə çatdırıb. O, bu dinləmələrdə deputatların, QHT nümayəndələrinin, ekspertlərin iştirak etdiyini bildirib və dinləmələr barədə məlumat vermək üçün müvafiq komitələrin sədrlərinə söz verib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin sədri Sahibə Qafarovaya bu cür dinləmələrin keçirilməsi üçün yaratdığı imkana və dəstəyə görə təşəkkürünü ifadə edib. O, rəhbərlik etdiyi komitənin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirdiyi dinləmənin əhəmiyyətindən danışıb, tədbirdə qadın sahibkarların iştirak etdiyini deyib.

Sonra çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dinləmələrin səmərəli keçdiyini söyləyib. O, Azərbaycan qanunvericiliyində sahibkarlıqda qadın və kişiyə fərq qoyulmadığını, gender bərabərliyinin qanun səviyyəsində təmin edildiyini söyləyib. Komitə sədri tədbirin həm qanunvericilikdə sahibkarlar üçün olan yeniliklərin diqqətə çatdırılması, həm də sahibkarların təkliflərinin, o cümlədən qadınların iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı qeydlərinin dinlənilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev rəhbərlik etdiyi komitə ilə Elm və Təhsil Nazirliyinin “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirdiyi birgə ictimai dinləmə barədə məlumat verib. O, müəllimlərin hər zaman dövlətin diqqət mərkəzində olduğunu deyib. Qeyd edib ki, sertifikatlaşdırmanın məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Komitə sədri tədbirdə elm və təhsil nazirinin sertifikatlaşdırma və onun nəticələri barədə geniş təqdimatla çıxış etdiyini, deputatların məsələ ilə bağlı fikirlərini səsləndirdiklərini, ictimaiyyəti narahat edən suallara aydınlıq gətirildiyini bildirib. Komitə sədri məsələnin müəllimlər, təhsil ekspertləri və ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəlikdə 25 məsələnin olduğunu diqqətə çatdırıb. Bildirib ki, birinci məsələ - “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsidir. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə əsasən, qanun layihəsi beynəlxalq sənədlə bağlı olduğuna görə bir oxunuşda baxılıb qəbul ediləcək.

Məsələ barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva məlumat verib. O bildirib ki, Konvensiya 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanıb. Sənəd 13 maddədən və 2 əlavədən ibarətdir. Konvensiyanın məqsədi iştirakçı dövlətlər arasında konsulluq sahəsində əməkdaşlığı gücləndirmək və öz vətəndaşlarının maraqları naminə üçüncü ölkənin ərazisində onların qanuni hüquq və maraqlarının müdafiəsi sistemini təkmilləşdirməkdir. Konvensiyanın müddəalarına əsasən, əməkdaşlıq vasitəsilə müxtəlif hallarda üçüncü dövlətlərin ərazisində və onların razılığı ilə tərəflərdən birinin bu dövlətlərdə diplomatik nümayəndəlik və konsulluğunun olmadığı halda, vətəndaşların hüquq və maraqlarının müdafiəsi üzrə onların bir-birinə qarşılıqlı yardım göstərməsi nəzərdə tutulub. Bu yardım diplomatik nümayəndəlik və ya konsulluğun səlahiyyəti çərçivəsində ən yaxın diplomatik nümayəndəliyin məlumatlandırılması vasitəsilə həyata keçiriləcək.

Komitə sədri Bəxtiyar Əliyev və deputat Hikmət Məmmədov məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 3 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Sonra Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O bildirib ki, qanun layihəsinin məqsədi bu gün Azərbaycan cəmiyyətində mövcud olan siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, onların cəmiyyətdə yerinin və rolunun müəyyən edilməsindən ibarətdir. Qeyd edilib ki, sənədin hazırlanması zamanı Azərbaycanda mövcud siyasi sistemin bütün xüsusiyyətləri və Avropa dövlətlərinin bu sahədə təcrübəsi nəzərə alınıb. Eyni zamanda, beynəlxalq təşkilatların rəylərinə riayət olunub. Fəzail İbrahimli qanun layihəsində demokratik prinsiplərə əməl edildiyini, sənədin hərtərəfli müzakirəsinin həyata keçirildiyini diqqətə çatdırıb.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı bildirib ki, ikinci oxunuş zamanı 16 deputat çıxış edib, bir neçə deputat isə yazılı şəkildə öz təkliflərini təqdim edib. O, bu deputatlarla işçi qaydasında görüşlərin keçirildiyini və bütün təkliflərin dəyərləndirildiyini söyləyib.

Əli Hüseynli təkliflərin bir hissəsinin qanunun Konstitusiyaya uyğunluğu ilə bağlı məsələlər olduğunu deyib. Habelə qanunun icrası ilə əlaqədar yarana biləcək çətinliklərlə bağlı məsələlərin qaldırıldığını, buna dair müzakirələrin aparıldığını və qanun layihəsinə bir sıra dəyişikliklərin edildiyini bildirib. O diqqətə çatdırıb ki, dəyişikliklərə əsasən, siyasi partiya orqanlarının anlayışı verilən 1.1.4-cü maddədə və 12-17-ci maddələrdə “icra orqanı” ifadəsi “qurultaylararası kollegial idarəetmə orqanı” ifadəsi ilə əvəz edilir. Habelə reyestrdə siyasi partiyalara ianə verən şəxslər və digər hallarda onların fərdi identifikasiya nömrəsinin tələb olunması ilə bağlı narahatçılığa dair məsələnin də araşdırıldığı və bununla əlaqədar olaraq qanunun 5.3, 20.10 və 23.2.7-ci maddələrindən bu tələbin çıxarıldığı bildirilib. Sənədə qanunvericilik texnikası və digər qanunlarla uyğunlaşdırma ilə bağlı edilən digər düzəlişlər də nəzərə çatdırılıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qanun layihəsinin beynəlxalq tələblərə uyğun hazırlandığını və demokratik müddəaları özündə ehtiva etdiyini bildirib.

Komitə sədri Siyavuş Novruzov və deputat Sabir Rüstəmxanlı məsələ barədə fikirlərini səsləndiriblər.

Sonra “Siyasi partiyalar haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini təqdim edərək sənədə hər hansı rəy və təklifin daxil olmadığını deyib. Layihədə dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi qaydası nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Deputat Kamal Cəfərov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə də məlumat verib. O, bu qanun layihəsinə də hər hansı bir dəyişikliyin olmadığını deyib. Layihədə nəqliyyat vasitəsinin mühərrikinin işçi həcmindən asılı olmayaraq, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilir.

Deputat Tahir Kərimli məsələ ilə bağlı bəzi qeydlərini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin 5-ci məsələsindən başlayaraq növbəti 11 məsələ ikinci oxunuşda olan qanun layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, layihəyə əsasən, adıçəkilən hər iki medal “ASAN xidmət”in yaradılmasının 10 illiyi münasibətilə təsis edilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O qeyd edib ki, layihə 2023-cü il yanvarın 1-dən etibarən 2 il müddətinə təhsil müəssisələri tərəfindən idxal olunan avadanlıq, qurğu və cihazların gömrük rüsumundan azad edilməsini özündə ehtiva edir.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra komitə sədri Tahir Mirkişili növbəti iki məsələni - “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib. Bildirib ki, hər iki qanun layihəsi ölkədə valyuta əməliyyatlarına nəzarəti artırmaq üçün valyuta vahid informasiya sisteminin yaradılması, bu informasiya sisteminə məlumatların daxil edilməsi və onlardan istifadə olunması ilə bağlı qaydaları özündə əks etdirir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində qaydaların pozulmasına görə cərimələr müəyyən edilir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə təklif olunan uyğunlaşdırma xarakterli dəyişikliyə bu komitənin müsbət rəy verdiyini bildirib.

Deputatlar Etibar Əliyev, Azay Quliyev, Rüfət Quliyev məsələlərlə bağlı bəzi qeydlərini səsləndiriblər.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Diqqətə çatdırılıb ki, layihə işğaldan azad olunmuş ərazilərin rezidentləri tərəfindən siyahısı təsdiq edilmiş fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) nəzərə çatdırıb. Bildirilib ki, layihədə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasının təkmilləşdirilməsi, bu məqsədlə texnoloji və fiziki qoşulmanın bir-birindən fərqləndirilməsi, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasının və ya əlavə qaz həcmi almasının yeni qaydasının müəyyən edilməsi, habelə bir sıra dəqiqləşdirmə xarakterli düzəlişlərin edilməsi nəzərdə tutulub.

Komitə sədri Qənirə Paşayeva, deputatlardan Müşfiq Məmmədli, Vüqar Bayramov, Fəzail Ağamalı məsələ ilə bağlı fikirlərini, bir sıra qeyd və təkliflərini səsləndiriblər.

Komitə sədri Sadiq Qurbanov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə Ələt azad iqtisadi zonasının fəaliyyəti ilə əlaqədar olaraq miqrasiya sahəsində yaranan münasibətlərin Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş tənzimləmə nəzərə alınmaqla sadələşdirilməsini nəzərdə tutur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihələrlə bağlı müzakirələr zamanı hər hansı təklif və sual daxil olmayıb.

İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərə görə, inzibati məhkəmə icraatının iddiaçının seçimi əsasında elektron qaydada, ümumi prosessual qaydalara uyğun olaraq, "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparıla bilmə imkanı müəyyən olunur.

Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərə əsasən, dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi, övladlığa götürmə, vərəsəlik və digər hallarda videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılması istisna edilir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihələrini təqdim edib. O, hər iki qanun layihəsinə dair təklif və rəyin daxil olmadığını söyləyib.

Dəyişikliklərə əsasən, İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə "mülkiyyətçisi" sözündən sonra "o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi" sözləri əlavə edilir. Habelə 393-1.6-cı maddəyə "mülkiyyətçilərinə" sözündən sonra "o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçilərinə" sözləri əlavə olunur.

Mənzil Məcəlləsinə isə 29.5-ci maddənin əlavə edilməsi təklif olunur. Əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsi kirayəçinin istifadəsinə verildiyi tarixdən kirayə hüquq münasibətlərinə xitam verilənədək bu Məcəllənin 38-ci, 43-47-ci və 119-145-ci maddələri üzrə çoxmənzilli binanın sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələr həmin kirayəçiyə verilir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin qalan növbəti 10 məsələsi birinci oxunuşda olan qanun layihələridir. S.Qafarova növbəti beş məsələnin isə cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Bu beş məsələyə - 16-cı məsələ olan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (birinci oxunuş), 17-ci məsələ olan “Hədəfli maliyyə sanksiyaları haqqında” (birinci oxunuş), 18-ci məsələ olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), 19-cu məsələ olan Mülki Prosessual və Cinayət-Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və 20-ci məsələ olan Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinə Milli Məclisin üç komitəsində baxılıb və qərara alınıb ki, həmin komitələrin layihələrlə bağlı təqdimatları və sənədlərin müzakirələri birgə keçirilsin.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov qanun layihələri barədə məlumat verərkən bildirib ki, müzakirəyə çıxarılan dəyişikliklər FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tövsiyələri əsasında hazırlanıb.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi (birinci oxunuş) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir. Qanun layihəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlər müəyyən edilir.

“Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsi (birinci oxunuş) isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının (HMS) tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov 16-cı, 17-ci, 18-ci və 20-ci məsələlərə dair komitənin müsbət rəyini təqdim edib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə 17-ci və 20-ci məsələlərə dair komitənin müsbət rəy verdiyini bildirib.

Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Qənirə Paşayeva, deputatlar Tahir Kərimli, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Ceyhun Məmmədov, Erkin Qədirli çıxış edərək qanun layihələri ilə bağlı fikirlərini bildiriblər.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Parlamentin sədri gündəliyin 21-ci məsələsi olan Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərək bildirib ki, məsələ ilə bağlı iclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elnur Bağırov, İqtisadiyyat Nazirliyinin şöbə müdirinin müavini Kənan Məmişov və Qida Təhlükəsizliyi Agentliyinin Hüquq şöbəsinin müdiri Əli Nəbiyev iştirak edirlər.

Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verərək bildirib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 2023-cü il yanvarın 1-də qüvvəyə minməsi ilə “Yeyinti məhsulları haqqında” Qanun qüvvədən düşəcək. Ona görə də təqdim olunan layihədə “Qida təhlükəsizliyi haqqında” Qanunda qəbul olunan müddəaların və yeniliklərin qanunvericilik aktlarında təsbit edilməsi nəzərdə tutulub. Digər ən böyük dəyişiklik “Yeyinti məhsulları haqqında” Qanunda ərzaq təhlükəsizliyi ilə bağlı olan müddəaların “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əlavə edilməsidir. Dəyişikliklərin istiqamətlərindən danışan komitə sədri təklif olunan müddəaların əhalinin ərzaq təhlükəsizliyi ilə bağlı mühüm məqamlarına toxunub, qida və yem məhsullarının idxalı və ixracı, həmçinin qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tənzimləmə və nəzarət mexanizmləri barədə ətraflı məlumat verib.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də rəhbərlik etdiyi komitənin layihə ilə bağlı müsbət rəylərini səsləndirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsi tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və istehlakçıların elektrik şəbəkələrinə qoşulmasının asanlaşdırılması məqsədilə hazırlanıb.

Diqqətə çatdırılıb ki, sənəddə “elektroenergetika obyektləri”, “qoşulma nöqtəsi”, “qoşulma xidmətinə görə ödəniş”, “qoşulma müqaviləsi”, “ötürücü şəbəkə”, “enerji təchizatı şəbəkəsi (paylayıcı şəbəkə)”, bir sıra digər yeni anlayışlar və onların izahları verilib.

Layihədə qoşulmanın normativ tənzimlənməsinin təmin edilməsi, qoşulma şərtləri müəyyən edilərkən istehlakçının kateqoriyasının, aldığı enerjinin həcminin və tikinti obyektinin statusunun nəzərə alınması, habelə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və əlavə güc alması qaydasının, qoşulma xidmətinə görə ödənişin məbləğinin müəyyən edilməsinə dair metodologiyanın müəyyən edilməsi üçün hüquqi əsasın yaradılması məsələləri ehtiva olunur.

Qeyd edilib ki, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı yeni maddənin əlavə olunması nəzərdə tutulub. Əlavəyə əsasən, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji alması qoşulma müqaviləsi əsasında həyata keçirilir. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasına görə sifarişçi enerji təchizatı müəssisəsinə və ya dövlət elektroenergetika müəssisəsinə qoşulma xidmətinə görə ödəniş edir. Habelə qeyd olunur ki, qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə müəyyən edilir. Enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri gərginlik səviyyəsi və elektrik şəbəkəsinin gücü baxımından uyğun olan və elektrik stansiyasına ən yaxın məsafədə yerləşən qoşulma nöqtəsinə qoşulur.

Komitə sədri Qənirə Paşayeva, deputat Bəhruz Məhərrəmov sənədlə bağlı qeyd və təkliflərini səsləndiriblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 23-cü və 24-cü məsələləri cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olan qanun layihələridir və mahiyyətcə bir-birinə yaxındırlar. Qeyd olunub ki, məsələlərlə bağlı Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov iclasda iştirak edir. Parlamentin sədri qanun layihələri ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə təqdim edib.

Komitə sədri bildirib ki, Gömrük Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri sahibkarlar üçün həssas bir məsələ olan gömrük dəyərinin müəyyən edilməsi üçün yeni yanaşmaları özündə ehtiva edir. Yeni müddəalara əsasən, bəyannaməçilər mal idxal etdikləri zaman malın dəyəri sadə və ədalətli üsullarla müəyyən olunacaq, bu məsələ ilə bağlı sahibkar və gömrük orqanı arasında olan hər hansı bir müraciətə gömrük orqanı 24 saat ərzində baxıb cavab verəcək. O, təklif olunan dəyişikliklərin gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarların maraqlarının qorunması baxımından əhəmiyyətini vurğulayıb.

Deputat Aydın Hüseynovun fikirləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verərək deyib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, 2018-ci ildə “Əmək pensiyaları haqqında" Qanuna "Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası"nın müəyyənləşdirilməsini nəzərdə tutan yeni maddə əlavə edilib.

Təklif olunan qanun layihəsi sığorta stajının təsdiq edilməsi, əmək pensiyasının təyin olunması üçün müraciət, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə ilə bağlı prosedurların tənzimlənməsinin Qanunun 5.3-cü maddəsi ilə müəyyən edilmiş qaydaya uyğun həyata keçirilməsini nəzərdə tutur.

Eyni zamanda, layihədə qanunvericilikdə uyğunsuzluğun aradan qaldırılması məqsədilə "sağlamlıq imkanları məhdud" sözlərinin "əlilliyi müəyyən edilmiş" sözləri ilə əvəz edilməsi təklif olunub.

Sənədin müzakirəsində deputat Razi Nurullayevin səsləndirdiyi məsələlərə komitə sədri Musa Quliyev aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Çexiyada hakimiyyət qolları arasında mübahisə: Prezident Petr Pavel məhkəməyə müraciət edib

Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO

Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO

Ekspert: Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı regionun strateji əməkdaşlıq imkanlarını genişləndirir

Şəkidə Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin açılışı olub

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Laçında keçirilən əmək yarmarkasında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib

SOCAR “Ağıllı şəhərsalma və sənaye həlləri” mövzusunda innovasiya müsabiqəsi elan edir

Anar Eminov: Universitetlərin rəqabəti binaların hündürlüyü ilə deyil, elmi təsirin dərinliyi ilə ölçülür

“Metropolitango Award” layihəsinin final mərhələsi reallaşıb

“Bitcoin”in qiyməti son 2 həftənin minimumuna enib

® “Azercell” və "Samsung”dan yeni kampaniya!

AzTU-nun 4000 məzunu "Baku Crystal Hall"da bir araya gəldi

Azərbaycan Çindən 4 ədəd sərnişin lokomotivi alır

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Siyasi şərhçi: Azərbaycan-Türkmənistan əməkdaşlığı enerji təhlükəsizliyi üçün yeni imkanlar yaradır

® “Evrika” liseyinin şagirdləri respublikada və beynəlxalq arenada böyük uğurlara imza atıblar

® “Bakcell” UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Beynəlxalq Enerji Agentliyi: Yaxın Şərq münaqişəsi qlobal enerji sektorunda uzunmüddətli izlər buraxacaq

Milli Məclisin komitələri geniş qanunvericilik paketini nəzərdən keçirib

Qazaxıstanda antiterror təlimləri təşkil olunacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında insan hüquqları üzrə müvəkkilin sorğusuna baxılıb

® “PAŞA Bank” “Türk Hava Yolları” ilə eksklüziv əməkdaşlıq müddətini uzadıb

Azərbaycan regional logistika mərkəzinə çevriləcək ŞƏRH

Azərbaycan-Türkmənistan əlaqələrində iqtisadi və strateji tərəfdaşlıq güclənir – ŞƏRH

Azərbaycan nümayəndə heyəti Özbəkistanda beynəlxalq mədəniyyət tədbirlərində iştirak edəcək

“Aqroservis” ASC-nin rəhbəri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

AMEA ilə Albaniya Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Rafael Hüseynov: Azərbaycana tam dəstək verən ilk ümumdünya qurumu İslam Əməkdaşlıq Təşkilatıdır

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Xaçmazlı təsərrüfat sahibi: Dövlətin fermerlərə dəstəyi aqrar sahənin stimullaşdırılmasında mühüm rol oynayır

"Karvan-Yevlax" köhnə meydançanın bərpasını ilin sonunadək başa çatdırmağı planlaşdırır

Türkmənistan Prezidentinin ölkəmizə səfəri münasibətlərimizin strateji mahiyyətini bir daha təsdiqləyir RƏY

Azərbaycan elminə töhfə: Atropatan florasının 2595 növdən ibarət konspekti tərtib edilib

Türkiyənin Kırıkkale vilayətində sursat anbarında partlayış baş verib, ölənlər var

Vüqar Əsgərli: “İmişli”nin layihəsi mənim üçün maraqlı çağırış idi

Son 5 gündə Hörmüz boğazından 172 gəmi keçib

Qazaxıstanda Senat və Məclis sonuncu birgə iclasını keçirəcək

Xəyyam Məmmədov: Əlimizdə olan mövcud resurslardan səmərəli və rasional şəkildə istifadə etməliyik VİDEO

Xəyyam Məmmədov: Əlimizdə olan mövcud resurslardan səmərəli və rasional şəkildə istifadə etməliyik VİDEO

İslamabadda İran Prezidentinin səfəri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycan-Türkmənistan münasibətləri Türk dünyasının birliyinin mühüm dayaqlarından biridir ŞƏRH

“Wood Mackenzie”: “Brent” nefti gələn il 78 dollara ticarət olunacaq

Dənizdə əmək standartlarının tətbiqi ilə bağlı BƏT ilə əməkdaşlıq genişləndirilir

Portuqaliyalı futbolçu “Zirə”də

Beynəlxalq Enerji Agentliyi: Mayda bazara gündəlik 2,5 milyon barel əlavə neft çıxarılıb

Şəxsi inkişaf, insan potensialı və kouçluq: Mahiyyəti, peşə sərhədləri və cəmiyyətdə rolu - Müsahibə

Bitki mənşəli nanohissəciklərin canlı sistemlərə təsirinin biokimyəvi xüsusiyyətləri – elmi seminar

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Metrologiya İnstitutu EURAMET-ə assosiativ üzv qəbul olunub

Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin perspektivi uğur vəd edir - ŞƏRH

Azərbaycandan Türkmənistana ixracın dəyəri 37 faizədək artıb

İƏT Parlament İttifaqı Konfransının sessiyasında regional qruplarının məsləhətləşmə görüşləri keçirilib

Xəyal Rza: “Namazov” filminin nümayişinin sentyabrda keçirilməsi planlaşdırılıb

Qeyri-sabit hava şəraiti iyunun 29-dək davam edəcək – XƏBƏRDARLIQ

Niger Azərbaycanın enerji sahəsində təcrübəsindən yararlanmaq istəyir

Yaxın Şərqdəki neft istehsalçılarının tədarük itkiləri 1,3 milyard bareli ötüb

Bu gün Vaşinqtonda Livan-İsrail danışıqlarının növbəti mərhələsi təşkil olunacaq

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

Tonqa rəsmisi: Azərbaycan COP29-da kiçik ada dövlətlərinin səsini dünyaya çatdırdı

Səfir: Kiçik ada dövlətləri üçün Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə aparıcı qüvvələrdən biridir VİDEO

Səfir: Kiçik ada dövlətləri üçün Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə aparıcı qüvvələrdən biridir VİDEO

“Zirə” yeni futbolçu transfer edib

Məhkəmə Ekspertizası Mərkəzi ilə BDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Zaur Əliyev: Hədəfimiz 2030-cu ildə kənd təsərrüfatında 2 milyard manatdan artıq ixrac həcminə nail olmaqdır VİDEO

Zaur Əliyev: Hədəfimiz 2030-cu ildə kənd təsərrüfatında 2 milyard manatdan artıq ixrac həcminə nail olmaqdır VİDEO

Özbəkistanın iki keçmiş kəndi rəsmi olaraq Qırğızıstanın tərkibinə verilib

Rizvan Nəbiyev: Müsəlman ölkələri arasında həmrəylik praktiki əməkdaşlıq mexanizminə çevrilir

Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişaf perspektivləri təqdim edilib

“Shell” 100 milyon dollarlıq layihəsinin icrasını “Nobel Energy”nin törəmə şirkətinə həvalə edib

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

Antonio Quterreş təmiz enerjiyə keçid planını təqdim edib

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı iqtisadi əməkdaşlıq və tranzit potensialını gücləndirir

Professor: Dövlət qulluğu cəmiyyətlə dövlət arasında körpü rolunu oynayan innovativ bir sistemdir

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində 23 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Qazaxıstanda restoranda 113 nəfər zəhərlənib, araşdırma aparılır

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının qrafiki açıqlanıb

Avropa İttifaqı növbəti on ildə müdafiəyə 7 trilyon avro xərcləyəcək

® “Birbank”dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 min manat kreditə aylıq 300 manatdan başlayan ödəniş

“Heydər Əliyev məktəbi” layihəsinin ikinci mərhələsinin açılışı olub

Ekspert: Yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığını artıracaq

Əlcəzairdə Azərbaycanın turizm və mədəniyyət potensialı nümayiş etdirilib

BMT rəsmisi: Metan emissiyasının azalması ən səmərəli iqlim həlləri arasındadır

Hörmüz boğazında gəmi nəqliyyatının hərəkəti normallaşır

Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

İmişlidə bir neçə obyekt yanıb VİDEO

İmişlidə bir neçə obyekt yanıb VİDEO

Şərəfli ömrün dastanı: professor Mədəd Çobanovun xatirəsi anılıb

Yunanıstan, Bolqarıstan və Rumıniyanı birləşdirəcək nəqliyyat dəhlizi Balkanların iqtisadi xəritəsini dəyişə bilər

Lavrov: Rusiya Ukrayna nizamlanmasına dair danışıqları bərpa etməyə hazırdır

İordaniyada futbol matçını izləyən azarkeşlər arasında yaşanan izdiham zamanı bir nəfər ölüb

İran Prezidenti Pakistanda danışıqlar aparacaq

Yəmən parlamentinin sədri Azərbaycandakı inkişafı yüksək qiymətləndirib

Qaxda Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə baş tutub – YENİLƏNİB VİDEO

Qaxda Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə baş tutub – YENİLƏNİB VİDEO

AQTA-nın sədri sahibkarların müraciətlərini dinləyəcək

Oman Sultanı Tehranın baş müzakirəçisi ilə ABŞ-İran danışıqlarını müzakirə edib

Prokurorluq orqanlarında 624 dövlət qulluqçusu fəaliyyət göstərir

Laçında keçirilən növbəti tibbi aksiya çərçivəsində 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib