Azərbaycan-Türkmənistan münasibətləri Türk dünyasının birliyinin mühüm dayaqlarından biridir ŞƏRH
Bakı, 23 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-Türkmənistan münasibətlərinin strateji mahiyyətini, Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində atılan addımları və regionun inkişaf perspektivlərini bir daha aydın şəkildə ortaya qoyur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan ilə Türkmənistan arasında münasibətlər tarixi köklərə, ortaq mədəni-mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. Son illərdə dövlət başçılarının siyasi iradəsi nəticəsində iki qardaş ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub, əlaqələr bütün istiqamətlər üzrə dinamik inkişaf edir. Xüsusilə Qarabağın bərpası prosesində Türkmənistanın göstərdiyi dəstək qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Füzuli şəhərində Türkmənistan tərəfindən məscidin inşasına başlanılması təkcə humanitar və mənəvi əhəmiyyət daşımır, həm də qardaş Türkmənistan xalqının Azərbaycanın haqq işinə verdiyi dəstəyin ifadəsidir. Bu təşəbbüs Türk dünyasında həmrəyliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Dövlətimizin başçısının bəyanatında xüsusi yer tutan nəqliyyat-logistika əməkdaşlığı da strateji baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşaqları kimi Avrasiya məkanında etibarlı tərəfdaş statuslarını daha da möhkəmləndirirlər. Bu əməkdaşlıq bütövlükdə regionun iqtisadi inkişafına, ticarət əlaqələrinin genişlənməsinə və beynəlxalq yükdaşımaların təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Deputatın sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın göstərdiyi dəstək də xüsusi əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın Türk dünyası ilə inteqrasiyasının daha da dərinləşməsi, regionlararası əməkdaşlığın genişlənməsi və yeni geoiqtisadi imkanların formalaşması baxımından mühüm tarixi hadisədir.
“Mədəniyyət sahəsində əlaqələrin inkişafı, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağın qardaşlaşması xalqlarımız arasında dostluq körpülərinin daha da möhkəmlənməsinə xidmət edir. Bu münasibətlər dövlətlərarası əməkdaşlığın möhkəm ictimai dayaqlara söykəndiyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin Türkmənistanın sosial-iqtisadi inkişafı və beynəlxalq uğurları barədə səsləndirdiyi fikirlər qardaş ölkəyə olan səmimi münasibətin, qarşılıqlı hörmətin və dostluğun növbəti təzahürüdür. Azərbaycanın Türkmənistanın daimi neytrallıq siyasətini dəstəkləməsi və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın möhkəmləndirilməsinə xidmət edir”, - deyə Fatma Yıldırım sonda vurğulayıb.
O qeyd edib ki, Azərbaycan-Türkmənistan münasibətləri Prezident İlham Əliyevin və Prezident Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, Türk dünyasının birliyinin möhkəmlənməsinə, regional əməkdaşlığın dərinləşməsinə və xalqlarımızın rifahına mühüm töhfələr verəcək.
Müxbir - Səbinə Əlizadə