Azərbaycan-Türkmənistan əlaqələrində iqtisadi və strateji tərəfdaşlıq güclənir – ŞƏRH
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə əməkdaşlıq üzrə 12 sənədin imzalanması iki ölkə arasında münasibətlərdə yeni mərhələ açacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O diqqətə çatdırıb ki, ötən il Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsi 208,3 milyon dollar olub.
“2024-cü ildə isə Mərkəzi Asiya dövlətləri arasında 470,4 milyon dollarlıq idxal və ixracımız olan Qazaxıstandan sonra ikinci ən böyük ticarət əməkdaşlığı Türkmənistan ilə qeydə alınıb. 2023-cü ildə isə həmin regionda Azərbaycanın ən böyük ticarət dövriyyəsi Türkmənistan ilə olub. Göründüyü kimi, dövlətlər bir-birləri üçün vacib tərəfdaşlar olmaqla yanaşı, əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər böyük potensiala malikdirlər.
Azərbaycan Prezidenti bildirib ki, verilən tapşırıqlar gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiyanın iclasına qədər ətraflı şəkildə işlənib hazırlanacaq. Bu isə yeni layihələrin həyata keçirilməsi və qarşıda duran məsələlərin həllində növbəti mərhələyə keçməyə imkan verəcək”, - deyə o bildirib.
V.Bayramov qeyd edib ki, Türkmənistan ilə Azərbaycanın nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün geniş perspektivləri var: “Bir tərəfdən, orta dəhlizin genişlənməsi, digər tərəfdən Xəzəryanı dövlətlər arasında əməkdaşlığın güclənməsi bu sahədə yeni imkanlar yaradır. Bu sahədəki əməkdaşlıq hər iki dövlətin valyuta gəlirlərini daha da artıracaq.
Qarşılıqlı yüksəksəviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açacağı gözlənilir. Bu proses, eyni zamanda, Türk dünyasında inteqrasiyanın güclənməsinə və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir”.