Ekspert: Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı regionun strateji əməkdaşlıq imkanlarını genişləndirir
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan ilə Türkmənistan arasında münasibətlər siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrini əhatə edən geniş strateji potensiala malikdir. İki ölkə arasında son illər müşahidə olunan siyasi dialoqun intensivləşməsi və qarşılıqlı yüksəksəviyyəli səfərlər əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasi ekspert Nazim Cəfərsoy bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün Türkmənistan Xəzər dənizi vasitəsilə Asiya məkanına çıxış baxımından mühüm strateji tərəfdaşlardan biridir. Eyni zamanda, Azərbaycan da Türkmənistan üçün Qərb istiqamətinə açılan əsas nəqliyyat və logistika qapılarından biri hesab olunur.
Ekspert qeyd edib ki, hər iki ölkənin Orta Dəhliz üzərində yerləşməsi qarşılıqlı tranzit və nəqliyyat əməkdaşlığının genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Son dövrlərdə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və müxtəlif beynəlxalq platformalarda keçirilən görüşlərin intensivləşməsi münasibətlərin dinamik inkişaf etdiyini təsdiqləyir.
Nazim Cəfərsoy bildirib ki, Azərbaycan enerji sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, bazar iqtisadiyyatı institutlarının formalaşdırılması və texnoloji modernləşmə istiqamətlərində mühüm təcrübə qazanıb.
Onun sözlərinə görə, bu təcrübənin Türkmənistanla bölüşülməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına mühüm töhfə verə bilər.
Ekspert vurğulayıb ki, Azərbaycan-Türkmənistan əməkdaşlığının əsas istiqamətlərindən biri enerji sahəsidir. Türkmənistanın zəngin təbii qaz ehtiyatlarının Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Türkiyəyə və Avropa bazarlarına çıxarılması həm regionun, həm də Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
O qeyd edib ki, mövcud geosiyasi şərait, xüsusilə enerji marşrutlarının şaxələndirilməsinə artan ehtiyac Azərbaycan ilə Türkmənistan arasında enerji əməkdaşlığının aktuallığını daha da artırır.
Nazim Cəfərsoy bildirib ki, Türkmənistan Azərbaycan investisiyaları üçün də perspektivli bazarlardan biridir. Enerji ilə yanaşı, sənaye, nəqliyyat, logistika və digər iqtisadi sahələrdə qarşılıqlı sərmayə qoyuluşu üçün geniş imkanlar mövcuddur.
Ekspert diqqətə çatdırıb ki, ortaq tarix, dil, din və mədəni dəyərlər iki ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün etibarlı zəmin yaradır.
Onun sözlərinə görə, son otuz il ərzində mövcud potensialdan tam istifadə olunmasa da, xüsusilə son dörd-beş ildə münasibətlərdə müşahidə olunan dinamika əməkdaşlığın qarşıdakı dövrdə daha da genişlənəcəyini göstərir.
Nazim Cəfərsoy vurğulayıb ki, Azərbaycan müxtəlif sahələrdə əldə etdiyi inkişaf təcrübəsini Türkmənistanla bölüşməkdə maraqlıdır. Türkmənistan isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrinə investisiya yatırmaqla, həmçinin Azərbaycanın tranzit imkanlarından istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlığa töhfə verə bilər.
Ekspert əlavə edib ki, Xəzər dənizində logistika imkanlarının genişləndirilməsi, karbohidrogen ehtiyatlarının səmərəli işlənməsi, enerji resurslarının nəqli və bu sahədə təcrübə mübadiləsinin inkişafı da Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığının perspektivli istiqamətləri sırasındadır.