“Metropolitango Award” layihəsinin final mərhələsi reallaşıb
Bakı, 23 iyun, AZƏRTAC
Bakıda keçirilən “El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı çərçivəsində “Metropolitango Award” layihəsinin final mərhələsi reallaşıb.
AZƏRTAC xəbər verir ki, İçərişəhərdə təşkil olunan tədbirdə tanqo sənətinin inkişafına töhfə verən rəqqaslar və tanqo həvəskarları bir araya gəliblər. Final mərhələsində iştirakçılar müxtəlif kateqoriyalar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Müsabiqənin çıxışları Azərbaycan, Türkiyə və Argentinadan olan peşəkar tanqo müəllimləri və mütəxəssislərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər iştirakçıların texniki hazırlığını, səhnə mədəniyyətini, musiqi duyumunu və tərəfdaşla uyğunluğunu nəzərə alıblar.
Azərbaycanda ilk dəfə keçirilən “El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı çərçivəsində ustad dərsləri, konsert proqramları, rəqs gecələri və müxtəlif mədəni tədbirlər təşkil olunur.