İslamabadda İran Prezidentinin səfəri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib
Bakı, 23 iyun, AZƏRTAC
İslamabadda İran Prezidenti Məsud Pezeşkianın Pakistana səfəri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.
AZƏRTAC “Dawn” nəşrinə istinadla xəbər verir ki, İran Prezidentinin təyyarəsini Pakistan HHQ-nin yeddi qırıcısı müşayiət edib. Bundan başqa, İslamabaddakı avtobus dayanacaqları da bağlanıb.
Dövlət APP agentliyinin məlumatına görə, Pezeşkianın şərəfinə 21 yaylım atəşi açılıb, qırıcı təyyarələr isə onun şərəfinə uçuş həyata keçirib.
Prezident Pezeşkian Nur Xan hava bazasına çatdıqdan sonra Prezident Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif, Baş nazirin müavini İshaq Dar, daxili işlər naziri Möhsin Nəqvi, Xalq Partiyasının sədri Bilaval Bhutto-Zərdari və İranın xarici işlər naziri Abbas Əraqçi və İslamabaddakı səfiri Rza Əmiri Muqaddam tərəfindən qarşılanıb.
Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkian ilə təkbətək görüş keçirib.
İran Prezidenti ABŞ ilə münaqişənin nizamlanması səylərinə görə Pakistan tərəfinə təşəkkürünü bildirib. O qeyd edib ki, Tehran İslamabadın səylərini yüksək qiymətləndirir.
Pezeşkian pakistanlı həmkarı Asif Əli Zərdari, Senatın sədri Yusif Rza Gilani, Milli Məclisin sədri Ayaz Sadiq və Baş nazirin müavini, xarici işlər naziri İshaq Dar ilə də görüşlər keçirəcək.