Tonqa rəsmisi: Azərbaycan COP29-da kiçik ada dövlətlərinin səsini dünyaya çatdırdı
London, 23 iyun, AZƏRTAC
Tonqanın Böyük Britaniyadakı səfiri Titilupe Tuivakano bildirib ki, Azərbaycan xüsusilə COP29 sədrliyi dövründə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemlərinin beynəlxalq səviyyədə daha geniş diqqət qazanmasına töhfə verib.
Diplomat Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Millətlər Birliyinin birgə təşkilatçılığı ilə inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim maliyyəsinə həsr olunmuş Tərəfdaşlıq Dialoqu sonrasında AZƏRTAC-a açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan COP29 zamanı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim problemlərinin beynəlxalq səviyyədə daha geniş diqqət qazanması istiqamətində konstruktiv rol oynayıb. O qeyd edib ki, Azərbaycan COP29-da inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakını dəstəkləyib və onların maraq və ehtiyaclarının konfransın əsas prioritetləri sırasında yer almasına xüsusi önəm verib.