Rafael Hüseynov: Azərbaycana tam dəstək verən ilk ümumdünya qurumu İslam Əməkdaşlıq Təşkilatıdır
Bakı, 23 iyun, AZƏRTAC
1991-ci ildə müstəqilliyini bərpa etdikdən dərhal sonra Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri İslam Əməkdaşlıq Təşkilatı olub. Bu 35 ilin təxminən 30 ili ərzində Azərbaycan işğalın ağır nəticələrinə məruz qalıb və nəhayət, 2020-ci ilin noyabrında möhtəşəm Qələbə qazanaraq inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyub.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində təşkilatın Baş Komitəsinin 27-ci sessiyasında Milli Məclisin sədr müavini Rafael Hüseynov deyib.
O bildirib ki, xalqımız və dövlətimiz bu çətin yolda Azərbaycana tam dəstək verən ilk ümumdünya təşkilatının məhz İslam Əməkdaşlıq Təşkilatı olduğunu heç vaxt unutmayacaq və həmişə minnətdarlıqla xatırlayacaq.