Xaçmazlı təsərrüfat sahibi: Dövlətin fermerlərə dəstəyi aqrar sahənin stimullaşdırılmasında mühüm rol oynayır
Xaçmaz, 23 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın mühüm istiqamətlərindən biri intensiv bağçılığın genişləndirilməsidir. İntensiv və superintensiv bağlar müasir kənd təsərrüfatının ən perspektivli sahələrindən sayılır. Bu bağlarda hər hektardan daha çox məhsul götürmək, su və torpaq resurslarından daha səmərəli istifadə etmək, məhsulun keyfiyyətini və ixrac imkanlarını artırmaq mümkündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə intensiv bağçılığın inkişafı üçün geniş imkanlar və dövlət dəstəyi mövcud olduğundan son illər Xaçmazda da bu sahəyə maraq artıb. Rayonda köhnə tipli, bioloji yaş həddini keçmiş ənənəvi bağların əksəriyyəti ləğv edilərək, yerində müasir tipli meyvə bağları əkilir. Xaçmazda hər il orta hesabla 500-600 hektar sahədə intensiv və superintensiv bağ salınır.
Təsərrüfat sahibi Faiq Eldarov rayonun Çılğır kəndində 6 hektar ərazidə müasir tipli meyvə bağı salıb. Bu bağların 2 hektarında vətəni Amerika, Kanada və Macarıstan olan 4 növ gilas becərilir. İntensiv şaftalı bağında isə İspaniya və italiyamənşəli sortlar əkilib. Bağlar müasir damcı sistemi ilə suvarılır.
“Müasir iqtisadi trendləri izləyəndə kənd təsərrüfatı sahəsinə tələbatın artdığını görmək olar. Bu səbəbdən məndə bu sahəyə maraq yaranıb. Həm iqtisadi cəhətdən faydalı olduğunu düşünürəm, həm də ərzaq təhlükəsizliyi baxımından bu sahə olduqca vacibdir. Müasir fermerlik yalnız torpağa qulluq etməkdən ibarət deyil və sistemli yanaşma tələb edir. Digər tərəfdən dövlətin fermerlərə dəstəyi aqrar sahənin stimullaşdırılmasında mühüm rol oynayır. Hazırda kənd təsərrüfatına ayrılan mövcud subsidiyalar digər sahələrdən daha çoxdur. Müasir suvarma sistemləri və texnikalara görə ödənilən məbləğin 40 faizinin dövlət dəstəyi ilə qarşılandığını qeyd etmək kifayətdir. Bu, aqrar sahədə yeni işə başlayanlar üçün böyük stimuldur. Təklif edirəm ki, növbəti mərhələdə yerli fermerlərin maarifləndirilməsi və təcrübə mübadiləsi üçün yüksəkixtisaslı xarici mütəxəssislər ölkəmizə cəlb olunsunlar. Həmin mütəxəssislərin xərclərinin subsidiyalaşdırılaraq dövlət tərəfindən ödənməsi təşkil olunsun. Çünki ölkəmizdə aqronom komandası azdır və müasir tələbləri ödəmir. Bundan başqa, xarici bazara məhsul satışının təşkili üçün xüsusi ixrac proqramlarının tətbiqinə də ehtiyac var”, - deyə Faiq Eldarov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

Dövlət Proqramına əsasən, məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir. Burada məqsəd yalnız əkin sahələrinin artırılması deyil, mövcud torpaq, su və digər istehsal resurslarından daha səmərəli istifadə etməklə, hər hektardan daha çox və keyfiyyətli məhsul əldə etməkdir.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Qabil Ağabalayev bildirib ki, Dövlət Proqramına əsasən, 2030-cu ilə qədər intensiv bağların genişləndirilməsi, istehsal həcminin artırılması və bağçılıqda dəyər zəncirinin gücləndirilməsi əsas hədəflərdəndir. Bu istiqamətdə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Çünki intensiv bağın salınması ilkin mərhələdə böyük yatırım tələb edir.
“Son illər meyvəçilik Xaçmazda əsas inkişaf edən istiqamətlərdəndir. Hazırda rayonda 27 min hektar meyvə bağı mövcuddur. Bu bağların 5500 hektarı intensiv və superintensiv üsulla becərilir. Müasir meyvə bağlarının yaradılmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən, yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalını təmin etməkdir. Müasir bağların sahəsi hər il daha da artır. 2020-ci illə müqayisədə intensiv bağların sahəsində 10 dəfəyədək artım qeydə alınıb. Ən çox şaftalı, gilas və fındıq becərilir. Rayondakı 5 min 700 hektar gilas bağından 1700 hektarı, 4 min 600 hektar şaftalı bağının 2 min 400 hektarı, o cümlədən 11 min hektara yaxın fındıq bağının 500 hektarı intensiv üsulla becərilir. Bu isə intensiv bağçılığın iqtisadi cəhətdən daha səmərəli və gəlirli sahə olduğunu göstərir”, - deyə Qabil Ağabalayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
Xaçmaz rayonunu respublikanın müasir metod və innovasiyalardan geniş istifadə edən qabaqcıl rayonlarından birinə çevirən amillərdən biri də son illərdə kənd təsərrüfatında müasir suvarma texnologiyalarının geniş tətbiq edilməsidir. Bu texnologiyalar su ehtiyatlarına qənaət edilməsinə, məhsuldarlığın yüksəldilməsinə və istehsalın səmərəliliyinin artırılmasına mühüm təsir göstərir.
Fermerlərə müxtəlif növ subsidiyaların verilməsi, güzəştli şərtlərlə suvarma sistemlərin çəkilişi, soyuducu anbarların tikintisi, kənd təsərrüfatı təyinatlı texnikanın alışına dəstəyin göstərilməsi, güzəştli şərtlərlə kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi bu sahənin inkişafında mühüm rol oynayır.