Siyasi şərhçi: Azərbaycan-Türkmənistan əməkdaşlığı enerji təhlükəsizliyi üçün yeni imkanlar yaradır
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan və Türkmənistan münasibətləri türk dövlətləri arasında hər zaman xüsusi əhəmiyyət kəsb edib. Bu münasibətlərə təkcə ortaq tarix və qardaşlıq əlaqələri prizmasından deyil, həm də bütövlükdə Türk dünyasının inteqrasiyasında coğrafi bağlantının möhkəmlənməsi, Orta Dəhlizin inkişafı və enerji xəritəsinin gələcək konturlarının müəyyənləşməsi kontekstində baxmaq lazımdır. Bu baxımdan, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri təkcə ikitərəfli münasibətlərdə deyil, Orta Dəhliz və enerji sektorunun gələcəyi baxımından da yeni mərhələ hesab oluna bilər.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib.
Onun sözlərinə görə, Bakı və Aşqabad Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinin perspektivlərini müəyyənləşdirən əsas paytaxtlar sırasında yer alır.
"Trans-Xəzər layihəsinin gündəmdə olduğu indiki mərhələdə hər iki ölkə onun reallaşmasında mühüm oyunçudur. Belə demək mümkünsə, həm regional, həm də qlobal gündəliyin, o cümlədən enerji sahəsindəki bir sıra istiqamətlərin gələcəyi böyük ölçüdə Bakı və Aşqabadda veriləcək qərarlardan asılı ola bilər. Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri Trans-Xəzər layihəsinin reallaşdırılması imkanlarını daha da gücləndirə, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın dərinləşməsinə yeni təkan verə bilər”, - deyə siyasi şərhçi vurğulayıb.
O deyib ki, belə əməkdaşlıq, eyni zamanda, Orta Dəhlizin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan Orta Dəhliz marşrutunun əsas qovşaqlarından biri olmaqla yanaşı, bu coğrafiyada yerləşən Türk dünyasının aparıcı ölkələrindən biridir.
“Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi Türkmənistanın həm Türk dünyasına inteqrasiyasını, həm də Orta Dəhliz layihəsində iştirakını gücləndirəcək. Bununla yanaşı, Aşqabad üçün Avropanın enerji bazarına çıxış perspektivlərini daha da möhkəmləndirəcək", - deyə Asif Nərimanlı əlavə edib.
Müxbir- Səbinə Əlizadə