Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin perspektivi uğur vəd edir - ŞƏRH
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıq əlaqələrini genişləndirməsi regionun bütün dövlətləri üçün əlverişli iqtisadi imkanlar yaradır. Xəzər sahilindəki dövlətlərin böyük nəqliyyat və tranzit imkanları var və bundan istifadə edib Avropa bazarlarına çıxış üçün infrastruktur yaradılması vacibdir. Azərbaycan bu sahədə uğurlu addımlar atıb. Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurularaq yükaşırma qabiliyyətinin artırılması digər Xəzər sahilindəki dövlətlər, o cümlədən Türkmənistanın marağına səbəb olub.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Naxçıvan Dövlət Universitetinin professoru Çingiz Axundov deyib.
Onun sözlərinə görə, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfərinə gəlməsi təsadüfi xarakter daşımır.
“İki ölkənin nəqliyyat və tranzit sahəsində əməkdaşlığı digər Mərkəzi Asiya respublikalarına da Avropa ilə ticarət əlaqələri qurmağa zəmin yaradır. Türkmənistan Orta Dəhlizdə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Mərkəzi Asiyanı Xəzər hövzəsi və Qərblə birləşdirən mühüm tranzit qapısı rolunu oynayır. Ölkə Çin və Avropa arasında qlobal ticarət axınını təmin etməklə təchizat zəncirinin şaxələndirilməsinə strateji töhfə verir. Türkmənbaşı limanı Orta Dəhlizin ən vacib Xəzər limanlarından biridir. İllik 17 milyon ton yük və 400 minə yaxın konteyner (TEU) tutumuna malik olan bu liman müasir infrastruktura malikdir və Şərq-Qərb istiqamətində fasiləsiz daşımalar reallaşdırır. Ölkə daxilində minlərlə kilometr dəmir yolu modernləşdirilib və rəqəmsal sərhəd prosedurları tətbiq olunmaqdadır. Bu da yüklərin Mərkəzi Asiyadan Xəzərə, oradan isə Azərbaycan və Gürcüstan üzərindən Türkiyə və Avropaya sürətli nəqlini dəstəkləyir. Yük həcmlərinin artması ilə əlaqədar olaraq Türkmənistan dəniz imkanlarını gücləndirməkdə, yeni Ro-Ro tipli dəmir yolu bərələri və quru yük gəmisi sifarişləri verərək marşrutun potensialını artırmaqdadır. Bakı və Aşqabad arasında Orta Dəhlizin potensialından daha səmərəli istifadə etmək istiqamətində siyasi və iqtisadi əlaqələr genişlənir. Hər iki ölkə Xəzər dənizi üzərindən keçən nəqliyyat və tranzit dəhlizlərinin inkişafı üçün birgə mexanizmlər və strateji tərəfdaşlıqlar qurur”, - deyə Çingiz Axundov qeyd edib.
Professorun sözlərinə görə, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində “Dostlug” tankerinin təqdimatı əlaqələrin yüksələn xətlə inkişafından xəbər verməklə yanaşı, real işlərin həyata keçirildiyini də deməyə əsas verir: “Türkmənistanda karbohidrogen ehtiyatlarının çox zəngin xammal bazasının mövcud olması hasilatın qazanılmış səviyyəni saxlamaqla bərabər, həm də hasilatı intensiv şaxələndirməyə, quruda və dənizdə yeni yataqları mənimsəməyə, həmçinin yüksək səmərəli texnologiyaları tətbiq etməklə bu yataqların işlənməsini fəallaşdırmağa imkan verir. Türkmənistan dünyada enerji daşıyıcılarına tələbatın sürətlə artmasını, ölkənin resurs bazasının real qiymətlərini və onun perspektivdə istismar imkanlarını nəzərə alaraq yeni bazarlara çıxmaq hesabına enerji marşrutlarının coğrafiyasını genişləndirmək niyyətindədir. Hər iki dövlətin iqtisadi əməkdaşlığı perspektivdə tərəflər üçün böyük uğurların olacağından xəbər verir”.