CƏMİYYƏT
Müdafiə Sənayesi Nazirliyinin məhsulları Moskvada keçiriləcək “ARMY-2019” sərgisində nümayiş olunacaq
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 25-dən 30-dək Moskvada “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forum keçiriləcək. Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə təşkil olunacaq tədbirdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (MSN) də iştirak edəcək.
MSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda Müdafiə Sənayesi Nazirliyi ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını nümayiş etdirəcək. Bununla əlaqədar Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Moskvada səfərdə olacaq.
“ARMY-2019” sərgisində 120 kvadratmetr sahədə təşkil olunacaq milli pavilyonda nazirlik əsasən ixracyönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirəcək. Nazirliyin müəssisələrində istehsal olunan 30 millimetrlik 2A42 topu və 7,62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə nümayiş olunacaq.
Müdafiə və ikili təyinatlı məhsulların nümayiş etdiriləcəyi “ARMY-2019” sərgisi səmərəli danışıqlar aparmaq və hərbi-texniki sahədə təcrübəli mütəxəssislərlə əməkdaşlıq etmək üçün geniş imkanlar da yaradacaq.
Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiya Federasiyasının dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də planlaşdırılır. Görüşlərdə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində danışıqların aparılması nəzərdə tutulur.
Həmçinin tədbir iştirakçılarına və ziyarətçilərə gələn il Bakıda keçiriləcək “ADEX-2020” IV beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumat veriləcək və dəvətlər çatdırılacaq.
Qeyd edək ki, “ARMY-2019“ sərgisi Müdafiə Sənayesi Nazirliyinin son iki ayda stendlə təmsil olunduğu üçüncü beynəlxalq sərgidir. Bu ilin aprel-may aylarında Türkiyədə “IDEF-2019” və Belarusda “MILEX-2019” sərgilərinə qatılan MSN hərbi təyinatlı məhsullarını nümayiş etdirib.