İQTİSADİYYAT
Paytaxtın Yasamal rayonunda 7 küçə əsaslı şəkildə təmir olunur
Bakı, 21 yanvar, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yolları, küçə və prospektlərdə təmir-bərpa, yenidənqurma işləri davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə Bakı Nəqliyyat Agentliyinin pilot layihəsi əsasında Bakı şəhərinin Yasamal rayonunun Bəsti Bağırova və Məhəmməd Naxçıvani küçələrində, həmçinin bu küçələrlə kəsişən Giləzi, Murtuza Muxtarov, Cabbar Qaryağdıoğlu, Mirzə Fətəli Axundzadə və Mustafa Sübhi küçələrinin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur.
Yenidənqurma işlərinin aparılması nəzərdə tutulan 7 küçənin ümumi uzunluğu 1777 metrdir.
Məlumata əsasən, təmir-bərpa işlərinə uzunluğu 450 metr, hərəkət hissəsinin eni 14,5 metr olan Bəsti Bağırova küçəsində başlanılıb. Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yararsız səki daşları sökülərək 1100 poqonometr uzunluğunda yeni səki daşları ilə əvəz olunur, yeni piyada səkiləri salınır.
Yenidənqurma işləri çərçivəsində küçə üzrə piyada səkilərinin sahəsi 8390 kvadratmetr, avtonəqliyyat vasitələrinin hərəkət etdiyi hissənin sahəsi isə 6 min 530 kvadratmetr təşkil edəcək.
Bu işlərə paralel olaraq, küçəboyu səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədilə yağış-kanalizasiya sisteminin bərpa olunaraq işlək vəziyyətə salınması, yeni yağış barmaqlıqlarının, həmçinin 78 ədəd yeni baxış qapaqlarının qoyulması da nəzərdə tutulub.
Bununla yanaşı, ərazidə aidiyyəti qurumlar tərəfindən yeraltı kommunikasiya xətlərinin yenilənməsi, zəruri yerlərdə yeni xətlərin çəkilməsi işləri də aparılır. Bu isə gələcəkdə sözügedən küçələrdə örtüyün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işləri mərhələli şəkildə 462 metr uzunluğa malik Məhəmməd Naxçıvani küçəsində, həmçinin Giləzi (110 metr), Murtuza Muxtarov (329 metr), Cabbar Qaryağdıoğlu (188 metr), Mirzə Fətəli Axundov (119 metr) və Mustafa Sübhi (119 metr) küçələrində də aparılacaq.
Qeyd olunub ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnvestisiya Proqramları çərçivəsində 2019-2021-ci illər ərzində Yasamal rayonu ərazisində təqribən 20 kilometr uzunluğa malik küçə əsaslı təmir edilib.