SİYASƏT
Professor Məhərrəm Qasımlı: Gəncədə baş verənlər Azərbaycana qarşı siyasi təxribatdır
Bakı, 13 iyul, AZƏRTAC
Gəncədə baş verənlər bəzi xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaq istiqamətindəki məqsədyönlü fəaliyyətinin nəticəsidir. Azərbaycan xalqı, eləcə də gəncəlilər sabitliyin pozulmasına, iğtişaşa qarşıdırlar. Biz daha ayıq-sayıq olmalıyıq. Gəncədə iğtişaş törədənlər birmənalı olaraq xaricdən idarə edilirlər. Ölkəmizdə sabitliyi pozmağa yönələn belə uğursuz təhrikçilik cəhdləri göstərir ki, Azərbaycanın inkişafı, onun beynəlxalq səviyyədə əldə etdiyi uğurlar bəzi xarici dairələri ciddi sürətdə narahat edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı söyləyib.
Alim deyib: “Azərbaycan müstəqil və sürətlə inkişaf edən dövlətdir. Müstəqilliyini bərpa etdiyi qısa bir zamanda böyük uğurlara imza atıb. Bu səbəbdən də bizi istəməyən qüvvələr var. Biz Şərqdə ilk dünyəvi, demokratik respublika quran, qadına dünyanın inkişaf etmiş ölkələrindən xeyli öncə səsvermə hüququ verən, dünyaya mədəniyyət daşıyan bir xalqın övladlarıyıq. Yüz il öncə qoca Şərqin qaranlıqlarında parlayan istiqlal günəşimizin önünə kimsə qara pərdə çəkmək iqtidarında deyil. Heç bir güc Azərbaycan xalqının işıqlı zəkasını xurafatın, cəhalətin, puç və mənasız ideyaların qaranlıqlarında boğa bilməz”.
Məhərrəm Qasımlı bildirib ki, ölkəmizə xaricdən ixrac edilən separatçılıq meyillərinin məhz bu il müsəlman Şərqinin ilk dünyəvi, demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu bir vaxtda güclənməsi də təsadüfi deyil. Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində Azərbaycan dünyaya çox önəmli mesajlar verib, dövlət və ordu quruculuğu sahəsində əldə etdiyi uğurları nümayiş etdirib. Bu il həm də Azərbaycan polisi özünün 100 illik yubileyini qeyd edib. Belə bir vaxtda Gəncədə törədilən qanunazidd hərəkətlər bir alim, vətəndaş olaraq məndə böyük narahatlıq doğurur.
“Bu Vətən Azərbaycan polisinə əmanətdir. Polis millətimin qürur və şərəf nişanıdır. Onlar ən dəyərli dövlət atributlarımızı – bayrağımızı və gerbimizi hər gün üstündə gəzdirən şərəfli bir peşənin sahibləridir. Onlar gücsüzə güc, köməksizə kömək, haqlıya dayaqdırlar. Azərbaycan polisi öz varlığı ilə nizamdır, intizamdır, məsuliyyətdir... İlk Qarabağ savaşında xalqın yanında olan, onun ən birinci dayağı, pənahı polislərimiz olub. Azərbaycan polisi sıralarından yüzlərlə şəhid verib. Heç cür inana bilmirəm ki, Azərbaycan polisinə necə əl qaldırmaq olar. Bu cinayəti törədənlər tezliklə qanun qarşısında cavab verməli və öz cəzalarını almalıdırlar. Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini, konstitusion dövlət quruluşunu, xalqımızın əsrlərin sınağından keçərək cilalanmış yüksək mədəniyyətini, Vətənimizin işıqlı sabahını heç vaxt zülmətə, qaranlığa tabe etdirməyəcək”, - deyə M.Qasımlı vurğulayıb.