MƏDƏNİYYƏT


Səməd Vurğunun “Vaqif” dramında Molla Pənah Vaqif obrazı...

Bakı, 22 noyabr, AZƏRTAC

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı görkəmli şairin həyat və yaradıcılığının yenidən tədqiqinə, öyrənilməsinə və əsərlərinin çapına böyük töhfə oldu. Sərəncama uyğun olaraq hazırlanan tədbirlər planına əsasən öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz ədibin xatirəsi ölkəmizdə silsilə tədbirlərlə yad olunmaqdadır. Bu istiqamətdə görkəmli alimlərimizin, ədəbiyyatşünas tədqiqatçıların da Vaqif irsinə verdikləri töhfələr yetərincədir. Onlar da Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi istiqamətində elmi axtarışlarını davam etdirirlər. Belə alimlərimizdən biri də filologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilovdur. AZƏRTAC alimin bu mövzuda növbəti yazısını təqdim edir.

Xalq Şairi Səməd Vurğunun “Vaqif” dramında Molla Pənah Vaqiflə bağlı aşağıdakı məqamları diqqət mərkəzində saxlamışdır:

1) Əsərin baş qəhrəmanlarından biri olan M.P.Vaqifin İbrahim xanın timsalında yerli məmurların zülmünə qarşı aparılan mübarizədə və yadellilərə qarşı azadlıq mübarizəsində tutduğu mövqe. Hər iki mübarizədə Vaqifin mövqeyi xalqın təmsilçisi kimi torpağa, vətənə bağlıdır. Əgər belə olmasa Qarabağ xanlığında qan dizə çıxar. Təsadüfi deyil ki, o, Vidadiyə Qarabağ xanlığında eşikağası kimi fəaliyyət göstərməsinin səbəbi barədə deyir:

Mən orda olmasam, qan çıxar dizə,

Quşlar da ağlayar ellərimizə.

Xan məndən utanır, çəkinir bir az,

Mən getsəm, qırğının hesabı olmaz.

O, bəzən hirslənib quduran zaman,

Mənəm zəncirini dartıb saxlayan”.

M.P.Vaqif Qarabağdan Vidadiyə qonaq gəlir, bir bölük kəndli ilə onun evinə daxil olur, qucaqlaşıb öpüşürlər. Bir neçə kəndli – Əhməd kişi, Qurban kişi M.P.Vaqifin görüşünə gəlir. Gəldən-getdən danışır, keçmiş günləri xatırlayırlar. Bu da onu göstərir ki, M.P.Vaqif sarayda olsa da, el-obanı unutmur, el-obanın görüşünə gəlir, M.V.Vidadini oğlu Əli bəyin toyuna dəvət etmək üçün Qarabağdan onun yanına gəlir.

Vaqif yerli məmurlara qarşı aparılan mübarizədə xalqla birlikdədir. Elə bu səbəbdəndir ki, onun oğlu Əli bəyin toyunda İbrahim xanla bərabər xalqın vuran qolu Eldar da iştirak edir. O, Eldara diqqət və hörmətlə yanaşır. Toy məclisinə çiynində bir quzu daxil olan Eldara deyir:

Of... dostum, qardaşım, xoş buyurmusan,

Səndə dağ havası duyuram, inan!

Sizdən ayrılmayır könlümün quşu,

Ellərdə görürəm hər qurtuluşu.

Eldar isə:

Möhtərəm şairə salamlar olsun!

Bu dünya durduqca o da var olsun!”

deyir. İbrahim xan bu vəziyyəti görüb “Aha... heç saymayır bu hərif bizi” söyləyir. Sonra isə üzünü Vaqifə tutaraq: “Vəzir, çoban-çoluq məclisidir bu?” deyir. İbrahim xan çiynində çomaq Eldarın məclisin başına keçməsini qəbul etmir. Ancaq Vaqif üçün qonaq qonaqdır. Qonağın xan, yaxud da kasıb kəndli olmasının fərqində deyildir. Ona görə də M.P.Vaqif İbrahim xana deyir: “Əziz qonağımdır, dostumdur Eldar”. O, həm də İbrahim xana çəkinmədən söyləyir:

Bu mənim evimdir, siz qonaqsınız,

Qonağı sevərlər, lap nahaqsınız”.

Elin, obanın vicdanının təmiz olmasını, böyük ürək sahiblərinin, yetkin ağılların ellər dünyasında yetişdiyini İbrahim xanın üzünə deyir:

Ən böyük ürəklər, yetkin ağıllar

Ellər dünyasında yetişir, bilin!

Namusu, vicdanı təmizdir elin!

İbrahim xan M.P.Vaqifə, onun mövqeyinə irad tutur:

Doğrusu, yorulub bezikmədin sən,

Elə, durub-durub ellər deməkdən?

Bu dialoqlar bir daha təsdiq edir ki, M.P.Vaqif yerli məmurların zülmünə qarşı mübarizədə xalqla birgə olmuş, xalqın tərəfində dayanmışdır. O, xanla kəndli arasında heç bir fərq qoymamışdır. Xanın zülmünün əvəzsiz qalmayacağına inanmışdır. İbrahim xana demişdir:

Çox dedim, sözümə baxmadınız siz,

Dedim ki, zülmlər qalmaz əvəzsiz.

Bu dünya boş deyil, öz qanunu var,

Elin qüdrətinə lovğa baxanlar,

Əlbəttə, basılar...

İbrahim xan daxildəki vəziyyətin xarab olduğunu bildikdə Vaqifə deyir ki, ona yol göstərsin. Şair isə ağır vergilərin camaatı yorduğunu, camaatı bu qanunlarla idarə etməyin mümkünsüzlüyünü, əks təqdirdə xanın külünü göyə sovuracaqlarını anlatmağa çalışır. İbrahim xanın “Yaxşı, vergiləri azaltsaq bir az, işlər düzələrmi?” sualına belə cavab verir:

Bundan kar aşmaz!

Məncə, nə olsa da bu gündən belə,

Vicdan azadlığı lazımdır elə...

Vaqif vicdan azadlığının nə olduğunu İbrahim xana anladır, sanki xanın xalqa bağlı olan gözlərini açmaq istəyir, xalqı kor saxlamaq istəyən xanı ittiham edir. Şair xana deyir:

Kor kimi qalmasın insan,

Qalxsın cəhalətin qaranlığından!

Açılsın hər yerdə məktəb, mədrəsə!

Balalar quş kimi versin səs-səsə,

Dağların döşündən yollar çəkilsin,

Yollar kənarında güllər əkilsin,

Nəğmələr bəzəsin vətən mülkünü,

Mən də qoca vaxtı görüm o günü.

Molla Pənah Vaqif yadellilərə qarşı azadlıq mübarizəsində də xalqın təmsilçisi kimi torpağa, vətənə bağlıdır. Hətta İbrahim xan onun əlindəki əsanı görür və soruşur ki, “o əsa nədir?” Vaqif isə deyir ki, “Rusiya padşahı o zülmkardan – Yekaterinadan bir hədiyyədir”. İbrahim xan şairdən soruşur: “Aha... De, sən hara? Rusiya hara? Yoxsa satılmısan o kafirlərə?” Vaqif əsanı göstərərək deyir:

Buna şəkil verən bir sənətkardır,

Mənim sənətkara hörmətim vardır.

İbrahim xanın “Bəs onu göndərən Yekaterina?! sualına Vaqif cavab verir:

Yalnız nifrətim var, inanın, ona!

Onu da boğacaq gedən üsyanlar,

Azadlıq uğrunda tökülən qanlar”.

Vaqif Rusiya padşahına da, İran padşahına da eyni dərəcədə nifrət edir. Ona görə ki, onlar ədalətsizlik edir, qan tökür, başqalarının torpağına göz tikirlər. Qacarın bu dedikləri:

Keçdi pəncəmizə gözəl Qarabağ,

Öpsün qılıncımı hər qaya, hər dağ,

Mən Qacar nəsliyəm, şahlar şahıyam,

Mən də yer üzünün bir Allahıyam.

Gərək biz qoymayaq daşı daş üstə,

Atın yığın-yığın leşi baş üstə!

Mənim vicdanım da, qəlbim də qandır,

Dünya qan üstündə bir xanimandır!..

Vaqifi heç cür razı sala bilməz, rahat buraxmazdı. Ona görə də şair Qacarın hüzuruna gətirəndə ona baş əymir. Ona görə ki, o, xalqın təmsilçisidir. Xalqın təmsilçisi xalqı, el-obanı talan edəni qəbul edə bilməz. Onu qaranlıq zindanla qorxutmaq da mümkün deyil. Odur ki, o, Qacarın hüzurunda azadlığın və məhəbbətin var olmasını söyləyir. Vaqif Qacara deyir:

Sənsə həqiqətin ağzına daş bas!

Mən az görməmişəm bu sarayları,

Burda göyə çıxan ahü vayları...

Görmüşəm şahların vəfasını mən,

Xanların zülmünü, cəfasını mən.

Görmüşəm zamanın min rüzgarını,

Dustaq anaların göz yaşlarını.

Nifrət! Qan çanağı taclara nifrət!

Var olsun azadlıq, bir də məhəbbət...

Əslində şair xalqın təmsilçisi kimi Qacara xalqın ürəyindən keçənləri deyir, xalqın nifrətini və qəzəbini çatdırır. Bunu Qacar başa düşür və başa düşdüyü üçün hiddətlənərək Vaqifin arxasınca deyir:

Aparın, aparın onu zindana,

Göz dağı çəkdirin Azərbaycana!

Qacar çox gözəl başa düşür ki, Vaqif dünya varına, mənsəbə və şöhrətə aldanan deyil. O, el-oba içində hörmət və izzət sahibidir. El-oba onu çox sevir. Ona görə də Qacar üçün M.P.Vaqif el-obanın özü qədər təhlükəli və qorxuludur. Vaqifin el-obaya, torpağa, vətənə, xalqa bağlılığı örnək, nümunə kimi hər bir kəsi düşündürür, gələcəkdə də düşündürəcəkdir. Hər bir kəsin vətənə, el-obaya, xalqa bağlılıq və məhəbbət məsuliyyətini artıracaqdır. Dünya nə qədər dəyişsə də, siyasət və ideologiyalar maraqlar çərçivəsində həyata keçsə də, Molla Pənah Vaqif tarixdə qalacaqdır. O, yerli məmurların zülmünə qarşı mübarizədə də, yadellilərə qarşı mübarizədə də xalqın, el-obanın təmsilçisi kimi özünü təsdiq edibdir.

Bəzən ədəbiyyatşünaslıq da Səməd Vurğunun “Vaqif” dramındakı ideallarını məhdud bir çərçivədə və məhdud bir dünyagörüşlə izah etməyə çalışırlar. Belə hesab edirlər ki, Səməd Vurğun Eldarın dəstəsində olan Kürd Musa, Arşak və eləcə də Qacar tərəfindən əsir alınmış gürcülər – Şaliko, Tamara, Kiçik gürcü vasitəsilə “xalqlar dostluğu”nu tərənnüm etmişdir. Əslində isə məsələyə bu cür yanaşma sovet ideologiyasının təsiri ilə ədəbi tənqidin yaratdığı münasibətdir. Yəni Səməd Vurğunun “Vaqif” dramına olan siyasi-ideoloji münasibət əsərdəki “xalqlar dostluğu” fikrinə geniş meydan açmışdır. Sovet ideologiyası “xalqlar dostluğu”nun bədii ədəbiyyatda tərənnümünə xüsusi bir önəm vermişdir. Məhz bu önəmin təsiri altında Səməd Vurğunun “Vaqif” dramında Eldarın dəstəsindəki Kürd Musanın, Arşakın və Qacar tərəfindən əsir alınmış Şalikonun, Tamaranın, Kiçik gürcünün obrazı “xalqlar dostluğu”nun tərənnümü kimi qələmə verilmişdir. Əslində isə belə bir mövqe Səməd Vurğunun ideallarını məhdudlaşdırmaq, dar bir çərçivəyə salmaqdır. Belə ki, Səməd Vurğun daha böyük ideallar uğrunda mübarizə apararaq qeyd olunan obrazlar vasitəsilə regionda, Cənubi Qafqazda o vaxt mövcud olan narahatlığın mahiyyətini açmaq istəmiş, yuxarıda qeyd olunan azərbaycanlı, gürcü, erməni, kürd obrazları vasitəsilə İranın, Rusiyanın bölgəyə gətirdiyi problemin xalq tərəfindən narazılıqla qarşılandığının mahiyyətini anlatmaq istəmişdir. Bununla da Səməd Vurğun o vaxt bölgədə əmin-amanlığın, sülhün tərəfdarı kimi xalqın səsinə səs

vermiş, bədii ustalığı ilə buna nail olmuşdur. “Vaqif” dramına müraciət edək. Eldar kürd Musaya deyir:

İndi də dişini qıcamış Qacar...

İranı talayan o qart canavar

Gəlir sürusilə bizi soymağa,

Tökdüyü qanlardan içib doymağa...

Qacarın niyyəti Cənubi Qafqazda yaşayan hər bir millət üçün eynidir: soymaq, talamaq, qan tökmək, ona qarşı çıxanları əsir götürmək, torpağı ələ keçirmək və s. Ona görə də Qacarın niyyəti Cənubi Qafqazdakı hər bir milləti narahat edir, narazı salır. Yenə də “Vaqif” dramına müraciət edək. Şaliko, Kiçik gürcü və Tamara həyəcanla Eldarın yanına gəlirlər. Eldar soruşur: “Kimsiniz, qardaşlar? Danışın görək!” Şaliko deyir:

Zalım Məhəmməd Qacar,

Bizi soyub taladı,

Of... o qanlı hökmdar

Bizi oda qaladı.

Çox vuruşdu gürcülər,

Bəzən basılır hünər.

Bu dəfə basdı Qacar,

Bizi əsir aldılar.

Qana döndü dağ, dərə...”

Eldar isə:

Yaraşmayır basılmaq

Qəhrəman gürcülərə!”

deyir. O, Şalikoya:

Bura bax, qardaşım mindi şah Qacar –

O sizi talayan dişi canavar

İndi də göz dikib Azərbaycana- söyləyir.

Eldarın başqa bir fikri:

Bəs biz? Biz neyləyək? – Yığışın, gəlin,

Qüvvəti çox olar birləşən elin.

Gəlin qardaş olsun tüfənglərimiz;

İlanın başını ayaqlayaq biz!..

Əsərdən gətirilən bu nümunələr təsdiq edir ki, Qacarın hücumu el-obanın narazılığına səbəb olur. Ona görə də hamı rahatlıq istəyir. O dövrdə İranın da, Rusiyanın da apardığı siyasət el-obanın narazılığı ilə qarşılanır. Səməd Vurğun isə bu narazılığı yaradanlara etiraz edir, onların regiona (Cənubi Qafqaza) gətirdiyi problemləri anlatmaq istəyir. Burada Səməd Vurğunun əsas hədəfi “xalqlar dostluğu” yox, regiondakı narahatlığın mövcudluğunu oxucuya bədii şəkildə çatdırmaqdır.

Məlumdur ki, İranla Gürcüstan arasında tez-tez ardı-arası kəsilməyən münaqişələr olmuşdur. İranın Gürcüstana olan torpaq tələbləri əhalini lərzəyə salmışdır. Çar İrakli iranlıları Tiflisə yaxın buraxıb, onlarla vuruşmaq istəyirdi. Ancaq İrakliyə köməyə gəlmiş İmeretiya çarının qoşunları dağılışıb evlərinə gedirlər. Demək olar ki, İrakli tək qalır. Bundan xəbər tutan Ağa Məhəmməd şah Qacarın qoşunları Tiflisə tərəf hərəkət edir. 1795-ci ilin sentyabrın10-da İran qoşunları Tiflisin ətrafına çatırlar. İranın 70 minlik ordusuna qarşı İraklinin 2700 əsgəri çıxa bilir. 1795-ci il sentyabrın 12-də İran qoşunları Tiflisə daxil olur. Talanlar, qətllər baş alıb gedir. İran qoşunları özləri üçün düşərgə yaradır, üç min nəfəri əsir gətirirlər. Əsirlər içərisində gürcülərlə yanaşı, azərbaycanlılar da çox olur. 1795-ci il sentyabr 20-də Ağa Məhəmməd şah Qacar talan etdiyi mal-dövlətlə, əsirlərlə birlikdə Tiflisi tərk edir. Gürcüstanın bu zəifliyini hiss edən rus qoşunları ölkəyə daxil olmağa başlayırlar. Nəhayət, I Aleksandr 1801-ci il sentyabrın 12-də Gürcüstanın Rusiyaya qatılması haqqında manifest imzalayır. Bir sözlə, belə bir vəziyyət İranın və Rusiyanın təkcə Gürcüstana olan münasibəti deyildi. Həm də regiona, o cümlədən Azərbaycana olan münasibəti idi. Təsadüfi deyil ki, 1785-ci ildən 1804-cü ilə kimi Gəncəyə hakim olan Cavad xan general Sisianovu narahat edirdi. Ona görə ki, Cavad xan ağıllı, bacarıqlı bir insan idi. General Sisianov isə Gəncəni zəbt etməyə hazırlaşırdı. Bacarıqlı, ağıllı Cavad xan general Sisianovda narahatlıq yaradırdı. Sisianov Cavad xana belə bir xəbər göndərmişdi: “Şəhəri alacağam və səni biabırcasına qətl edəcəyəm”. Cavad xan isə cavab vermişdi: “Sən mənim meyitimi qala üstündə tapacaqsan”. Sisianovun Cavad xana dəfələrlə etdiyi hədə onu qorxutmamışdı. Hər şeydən əli üzülən Sisianov Cavad xana yazmışdı: “... Mən öz etiqadıma görə Asiya məğrurluğuna nifrət edirəm...” Burada məqsədimiz bu tarixi həqiqətlərdən geniş şəkildə bəhs etməkdən ibarət deyil. Bu heç hədəf kimi də nəzərdə tutulmamışdır. Ancaq həmin dövrdə İranın, Rusiyanın Gürcüstanı da, Azərbaycanı da ələ keçirmək, talan etmək niyyətində olmasını nəzərdən qaçırmamaqdır. Məhz bunların hər birini çox yaxşı bilən Səməd Vurğun da “Vaqif” dramında yığcam, konkret bir şəkildə regiondakı narahatlığı gündəmə gətirmişdir. Bir daha qeyd etmək lazımdır ki, Səməd Vurğunun məqsədi “xalqlar dostluğu” yox, regiondakı narahatlığı bədii şəkildə, ustalıqla nəzərə çatdırmaqdır.

2) S.Vurğun M.P.Vaqif obrazı ilə xalqın əyilməzliyini, müdrikliyini və mənəvi zənginliyini ifadə etmişdir. Doğrudan da Eldar xalqın vuran qoludursa, Vaqif xalqın düşünən beynidir. O, eşikağası kimi də, şair kimi də xalqa bağlıdır. Xalq ona böyük məhəbbət bəsləyir, onun hörmətini saxlayır. Hətta Vaqifin oğlu Əli bəyin toyuna əziz qonaq kimi gəlirlər.

M.P.Vaqif eşikağası kimi sarayda xalqın hüquqlarını müdafiə edir, xalqa sadiqliyini qoruyub saxlayır, xalqı İbrahim xanın qəzəbindən qoruyur. Təsadüfi deyil ki, Vaqif sarayda olmasının səbəbini Vidadiyə belə deyir:

Mən orada olmasam, qan çıxar dizə,

Quşlar da ağlayar ellərimizə.

Xan məndən utanır, çəkinir bir az,

Mən getsəm, qırğının hesabı olmaz.

3) Molla Pənah Vaqif müdrik, cəsarətli və təşkilatçı şairdir, eşikağasıdır. Qacara onun kəskin cavabları və “Əyilməz vicdanın böyük heykəli” deməsi bir daha bunu təsdiq edir. Yaxud “Qılınclar toqquşub iş görən zaman, neylər dediyiniz quru bir vicdan?” deyən Qacara “Vicdan dedikləri bir həqiqətdir – beşiyi, məzarı ədəbiyyətdir...” deyir. Onu zindanla qorxudaraq “Bəs zindan necədir, qaranlıq zindan?!” deyən Qacara “Soyuq məzara da zinətdir insan” cavabı onun cəsarətli olmasını göstərir. M.P.Vaqif zülmə, qan tökən taxt-taca qarşı dayanır. Qacarın vəzirinə dedikləri onun ağıllı, müdrik və cəsarətli olmasını bir daha təsdiq edir: “Oxuyan bülbüldür, dinləyən qazdır!”, “Ağılsız köpəklər ulduza hürər” və s.

Şair heç ölümdən də qorxmur. O, Vidadinin Qacara yalvarmasını, M.P.Vaqifi azad etməsini bildikdə deyir:

Qardaşım! Sən nahaq yalvardın ona,

Söz əsər eləməz qəlbi pozğuna...

Bir də qorxmayıram mən heç ölümdən,

Dünyanın qəlbində qalacağam mən!

Vaqif ölümü gözünə alaraq şair dostuna bunu da söyləyir:

Vidadi! Gəl məndən birdəfəlik keç,

Qayıt kəndimizə, qorxuram səndən,

Barı, Vidadisiz qalmasın Vətən...

4) Səməd Vurğun Molla Pənah Vaqif obrazını müdrik, cəsarətli, təşkilatçı olduğu qədər də humanist bir obraz kimi yaratmışdır. Qacar nə qədər qəddardırsa, zalımdırsa, Vaqif bir o qədər humanistdir. Qacar deyir:

Mənim vicdanım da, qəlbim də qandır,

Dünya qan üstündə bir xanimandır.

Bununla Qacar həyat kamını qan tökməkdən aldığını söyləyir. Ancaq Vaqif tamamilə bunun əksidir. O, xanlıq zülmünə və Qacar basqınının əleyhinə üsyan qaldırmış kəndlilərin başçısı Eldar barədə deyir:

Yazığı saldılar çölün düzünə,

Dünya gözlərimdə qarışır yenə...

Əslində bununla o, Eldarın simasında bütün kəndlilərin, xalqın halına acıdığını bildirir.

5) S.Vurğun M.P.Vaqif obrazı ilə azərbaycançılıq və vətənpərvərlik ideyasının, daha doğrusu ideologiyasının tərənnümünə, təqdiminə nail olmuşdur. Hətta “Nədən şeirimizin baş qəhrəmanı, gah İrandan gəlir, gah da Turandan?” deməklə azərbaycançılıq ideologiyasının bədii həllinə çalışmışdır. Buna nail olmağın ən mühüm yollarından birini məhz M.P.Vaqif obrazını yaratması ilə tapmışdır. Belə ki, M.P.Vaqif obrazı N.Cəfərovun sözləri ilə desək “Vaqif Azərbaycan dilinə və şeirinə milli müəyyənlik gətirmiş, millətin özündən əvvəl sözünü – milli dilimizi yaratmış böyük şair və tarixi şəxsiyyət idi”. Onu da qeyd etmək yerinə düşər ki, S.Vurğunun “Vaqif” dramında azərbaycançılıq ideologiyası Molla Pənah Vaqifin timsalında milli dil, milli tale, geniş mənada ölkənin taleyi məsələsidir. Belə ki, Vaqif Qacarla üz-üzə gələndə fars mədəniyyətinin qədimliyindən bəhs etməklə yanaşı, Azərbaycan mədəniyyətinin də böyüklüyünü, qədimliyini çəkinmədən təqdim edir. Bu da bir daha Molla Pənah Vaqifin azərbaycançılıq və vətənpərvərlik ideyalarını təbliğ edən, bu yolda çarpışan bir ideoloq olduğunu təsdiq edir. O, hər bir xalqın mədəniyyətinə hörmətlə yanaşır. Axı o, şair olmaqdan başqa, həm də diplomatdır, siyasətin nə olduğunu yaxşı bilir. Odur ki, Şeyxin “Bəs ruslar? Bəs ruslar? Bəs o məlunlar?” sualına Vaqif belə cavab verir:

Din ayrı, dil ayrı olsa da onlar,

Yenə beşiyidir mədəniyyətin,

Qədrini çox bilir şeirin, sənətin.

Ümumiyyətlə, mədəniyyəti qəbul edən və ona dəyər verən Vaqifin münasibəti xanı qızışdıranları, o cümlədən Şeyxi razı salmır. Onlar şairi “satılmış”, “bimürfət”, “yezid, imansız”, “Tanrı düşməni, vətən xaini” və s. adlandırırlar. Vaqif isə “Tarix cavab verər bu böhtanlara...” deyir. Həm də hiddətlənir:

Durun! Mən deyiləm vətən xaini,

Saydım nəbilərin sonsuz sayını.

Min ildir baş əydik yalnız Qurana.

Baxdı gözlərimiz kor kimi ona,

Bizə yasaq oldu başqa kitablar,

Kitabsız bir ömrün nə mənası var?

Didildi daima ixtiyarımız,

Barı, bir gün görsün övladlarımız.

Əslində Molla Pənah Vaqif Tanrısını, dinini, dilini, müqəddəs kitabımız olan “Qurani-Kərim”i saf ürəklə sevir. Ancaq müqəddəs hesab olunan dəyərlərimizdən öz şəxsi məqsədləri üçün istifadə edənlərin, inkişafı, tərəqqini geriyə çəkənlərin əleyhinədir. Vaqif yaxşı bilir ki, övladlarımızın yaxşı gün görməsi, onların gələcəkdə yaxşı yaşamaları üçün dünya mədəniyyətini, müxtəlif dilləri və dinləri öyrənmələri, onlar barədə geniş məlumat əldə etmələri vacibdir. Bununla belə, o, doğma ana dilinin və doğma vətəninin təəssübkeşidir Qacar “Gərək fars dilində yazsın sənətkar” deyəndə Vaqif ona belə bir cavab verir:

Azəri yurdunun oğluyam mən də,

Az-az uydururam yeri gələndə.

O, Qacarın özünün və vəzirinin kinayəli sözlərini qəbul etmir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin böyüklüyünü bir vətənpərvər azərbaycanşünas kimi təqdim edir. Əsərdən bəzi parçalar:

Vəzir

Yaxşı da... Çarıqlı kiçik bir ölkə

Böyük Firdovsilər yaratdı bəlkə?..

Vaqif

Dayan! Bu bağçanın hər bir budağı

Üstündə min çiçək, min dil bitirmiş,

Sizin güldüyünüz çoban torpağı

Nizamilər, Füzulilər yetirmiş!

Qacar (kinayə ilə)

Nizamiyə bax... Füzuliyə bax...

Vaqif

Günəşi örtsə də, qara buludlar,

Yenə Günəş adlı bir qüdrəti var.

Qacar

Görünür Günəşə iştahan vardır.

Vaqif

Günəşdən gizlənən yarasalardır...

6) Səməd Vurğun Molla Pənah Vaqif obrazı vasitəsilə Azərbaycan xalq danışıq dilini yüksək səviyyəyə qaldırdı. Azərbaycan dilindəki zərb-məsəllərin, atalar sözlərinin, canlı folklor nümunələrinin xeyli hissəsini dramın dilinə gətirdi. Bu o dövr idi ki, latın qrafikalı əlifbadan kiril əlifbasına keçməyin yolları axtarılır, dilimizə kəskin təqiblər və təzyiqlər başlayırdı. Söhbət “Vaqif” dramının qələmə alındığı dövrdən gedir. Bu dövrdə repressiyanın başlanması ilə şairlər, yazıçılar, alimlər repressiyanın qurbanına çevrilirdilər. Belə bir zamanda S.Vurğun M.P.Vaqif obrazı ilə “hökmdar-sənətkar” münasibətlərini gündəmə gətirdi. 1937-ci il repressiyasının başladığı dövrdə “hökmdar-sənətkar” münasibətlərini gündəmə gətirmək M.P.Vaqifin simasında sənətkarı qorumaq, sənətkara haqq qazandırmaq, şər qüvvələrin əlindən sənətkarı alıb yaşatmaqdan başqa bir şey deyildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.