Sərxan Hacıyev: Elxan Məmmədov AFFA-da ictimai əsaslarla fəaliyyətini davam etdirəcək
Şamaxı, 21 aprel, AZƏRTAC
VAR sistemini fevral ayında tətbiq etmək istəyirdik, ancaq alınmadı. Amma işi başa çatdırmaq lazımdır. Sistem ötən həftə sınaqdan keçirildi. VAR-ın tətbiqi hər ölkədə eyni deyil, bir-birindən fərqlənir. Bunun əsas qaydası odur ki, VAR-ın tətbiqi üçün 28 oyun keçirilməlidir və sonuncu matçda heç bir problem olmamalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev aprelin 21-də jurnalistlərlə görüşündə deyib.
Baş katib bildirib ki, Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunub. Onun yeni işi Fransa və FIFA ilə bağlı olacaq. O, Fransaya yola düşməli və mayın 1-dən fəaliyyətə başlamalıdır. Həmin departament əvvəl FIFA-nın baş ofisində fəaliyyət göstərirdi. Elxan Məmmədov ancaq FIFA-nın işçisi olacaq və AFFA-da ictimai əsaslarla fəaliyyətini davam etdirəcək. Digər məsələlər isə tamamilə baş katibin səlahiyyətinə keçəcək”.
AFFA-ya gəlişinədək hakimlik və şahmatla məşğul olduğunu deyən S.Hacıyev ilk işinin milli assosiasiyada olduğunu deyib: “Əliyar Ağayev və Orxan Məmmədovla eyni vaxtda hakimlik etmişəm. Özümü laysman kimi daha rahat hiss edirdim. Hakim üçün ən önəmli amil qətiyyət və kənardan gələn səslərə fikir verməməkdir. İlk dəqiqədə bu səhvləri etdinsə, davamı gələcək. Bu gün VAR məsələsi gündəmdədir. Məncə, lazımlı addımdır. Doğrudan da 2018-ci il dünya çempionatına baxsaq, görərik ki, VAR sistemi bəlkə də çempionluğun taleyini dəyişdi. VAR-ın qərarından sonra Almaniya qrupda qaldı”.