MƏDƏNİYYƏT
Şuşanın əbədiyyət ünvanları
Bakı, 5 mart, AZƏRTAC
Şəhər təkcə evləri, yaşayış binaları, küçə, yol, sosial və mədəni obyektləri ilə deyil, həm də özündə tarixi yaşadan qəbiristanlıqları ilə tanınır. Qəbiristanlıq təkcə dünyadan köçənlərin uyuduğu son məzar deyil, həm də həmin bölgənin tarixini özündə yaşadan əbədiyyət ünvanıdır.
Uzun illərdən bəri Qarabağ tarixinin araşdırılması ilə məşğul olan tədqiqatçı-jurnalist Vasif Quliyev Şuşadakı qəbiristanlıqlar haqqında AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Şuşada üç müsəlman qəbiristanlığı olub. Mir Fəseh qəbiristanlığı Şuşanın cənub-şərq hissəsində, Cıdır düzünün başlanğıcında yerləşir. Mir Fəseh şair, alim və musiqişünas Mir Möhsün Nəvvab Qarabağinin ana babasıdır. Əvvəllər burada yalnız Mir Fəsehin məzarı vardı, camaat onun qəbrini ziyarət etmək üçün üz tuturdu. Sonralar Mir Möhsün Nəvvab qəbri daş hasara aldırıb, yanında gözətçi binası tikdirib, sərin suyu olan quyu qazdırıb, müxtəlif növ ağaclar əkdirib, gül-çiçəkli bir bağ da saldırıb. Bağın içərisinə zümrüd fərşlər döşənmişdi. Əlvan rəngli çiçəklər bağa xüsusi gözəllik və yaraşıq verirdi. Bura bir növ şəhər əhalisinin istirahət yerinə çevrilmişdi. Şairlər və musiqiçilər tez-tez bağda ədəbi məclislər təşkil edirdilər. Sonralar həmin ərazi şəhər qəbiristanlığına çevriləndən sonra burada ilk dəfn olunanın adı ilə “Mir Fəseh qəbiristanlığı” kimi tanınıb. Molla Pənah Vaqif, Mir Möhsün Nəvvab kimi şairlər və digər görkəmli şəxsiyyətlər həmin qəbiristanlıqda dəfn olunublar. Qarabağ müharibəsi dövründə burada “Şəhidlər qəbiristanlığı” da salınıb”.
Tədqiqatçı-jurnalist şəhərdəki digər qəbiristanlıq barədə bunları deyib: “Şuşanın şimal-şərqindəki qədim qəbiristanlıq Mirzə Həsən qəbiristanlığı adlanırdı. Həmin qəbiristanlıq XVIII əsrin axırları və XIX əsrin birinci yarısında yaşayıb-yaradan şair Mirzə Həsən Mirzə Cəfər bəy oğlu Vəzirovun adı ilə adlandırılıb. Uzun illər Vətən və sevgi həsrətilə Şəkidə yaşamış nakam şair ölümqabağı onu vətəni Şuşada - sevdiyi qızın gəlib-getdiyi yolun kənarında dəfn etməyi vəsiyyət etmişdi. 1840-cı ildə təxminən əlli yaşında həyatdan köçən Mirzə Həsəninin cənazəsi Şuşaya gətirilərək qala divarlarından bir qədər aralıda həmin yolun kənarında dəfn edilib. Bununla da Şuşada yeni bir qəbiristanlıq meydana gəlib və həmin vaxtdan da ona “Mirzə Həsən qəbiristanlığı” adı verilib. Qasım bəy Zakir (1984-cü ildə anadan olmasının 200 illiyi münasibətilə qəbirüstü büstü də qoyulub), Mirzə Camal Cavanşir Qarabaği, şair Mirzə Ələsgər Növrəs, Rzaqulu bəy Cavanşir (Vəzirov), Xosrov bəyə Fuladov və başqa görkəmli şəxslər orada dəfn olunub”.
Həmsöhbətimiz daha sonra bildirib: “Yuxarı Gövhər Ağa məscidinin sağ tərəfindəki qəbiristanlıq Şuşanın “Fəxri xiyabanı”, yaxud tanınmış şəxslərin dəfn olunduğu qəbiristanlıq idi. Qasım bəy Zakirin qız nəvəsi şair İbrahim bəy Azər də burada dəfn olunub. Qarabağ uğrunda döyüşlərdə şəhid olanlar da həmin qəbiristanlıqda uyuyurlar. Qəbiristanlıq açıq səma altında muzeyi xatırladır. Məzarların hər biri ayrı-ayrılıqda sənət əsəridir. Hər məzarın yerli mərmərdən baş və sinə daşı var. Onların üzərində müxtəlif nəstəliq xətlərlə Azərbaycan, fars və ərəb dillərində şeirlər, hikmətli sözlər, dəfn olunanın doğum və ölüm tarixi həkk olunub. Bunlardan başqa Şuşada üç xristian qəbiristanlığı da olub”.