DÜNYA


Tripoli aeroportu yaxınlığında döyüşlər gedir

Bakı, 20 aprel, AZƏRTAC

Şənbə günü Tripoli beynəlxalq aeroportunun yaxınlığında şiddətli silahlı toqquşmalar başlayıb.

AZƏRTAC xəbər verir ki, Afrigatenews portalının yaydığı məlumata görə, döyüşlərdə hər iki tərəf - Liviya Milli Ordusunun hissələri və Milli Həmrəylik Hökumətinə tabe olan qüvvələr artilleriya silahlarından və iri çaplı pulemyotlardan atəş açırlar. Ölən və yaralananların olduğu bildirilir.

Aeroport artıq bir neçə dəfə əldən-ələ keçib. Son vaxtlaradək ona Milli Həmrəylik Hökumətinin dəstələri nəzarət edirdi.

Dünya Səhiyyə Təşkilatının Liviya bölməsinin məlumatına əsasən, toqquşmaların gedişində indiyədək 220-dən çox insan həlak olub, min nəfərə yaxın insan yaralanıb, 20 minədək sakin isə öz evini tərk edib.

Xatırladaq ki, aprelin 4-də feldmarşal Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusunun hissələri Tripoliyə hücuma başlayıb. Paytaxta nəzarət edən Milli Həmrəylik Hökumətinə tabe olan hərbi birləşmələr tam döyüş hazırlığı səviyyəsinə gətirilib.

Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Razılıq Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.