MƏDƏNİYYƏT
Türkiyədə yaşayan Azərbaycan türklərinin ikinci qurultayı keçiriləcək
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da “Azərkitab” kitab təbliğatı mərkəzində Türkiyədə yaşayan Azərbaycan türklərinin ikinci qurultayına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Çağdaş Azərbaycan Kültür Dərnəyi (ÇAKD) tərəfindən təşkil edilib.
Tədbirin keçirilmə məqsədi Türkiyədə yaşayan Azərbaycan Türklərinin birliyini daha da möhkəmləndirmək, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini yüksək səviyyədə təcəssüm etdirməkdir.
ÇAKD-nin sədr müavini Murtaza Karaçanta çıxış edərək dərnəyin yaranması və məqsədi haqqında məlumat verib. O bildirib ki, dərnək Türkiyədə yaşayan Azərbaycan türklərinin mədəniyyətinin yaşadılması, onların Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır: “Çağdaş Azərbaycan Kültür Dərnəyi 2019-cu ildə Türkiyənin İzmir şəhərində yaradılıb. Baxmayaraq ki, bizim dərnəyin yaşı çox azdır, amma bu qısa müddət ərzində bir sıra tədbirlər həyata keçirmişik. Bunların arasında 21 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 20 Yanvarla bağlı tədbirləri xüsusilə qeyd etmək istəyirəm”.
M.Karaçanta bu ilin oktyabr ayının 31-dən noyabrın 1-dək İzmirdə yaşayan Azərbaycan türklərinin ikinci qurultayının keçiriləcəyini də diqqətə çatdırıb. Vurğulayıb ki, bununla bağlı artıq Diasporla İş üzrə Dövlət Komitəsi ilə görüş keçirilib.
ÇAKD sədri Camal Məhmətxanoğlu isə Bakı ilə İzmir şəhərlərinin 1985-ci ildən qardaşlaşmış şəhərlər olduğunu söyləyib: “Bu il bu qardaşlığın 35 ili tamam olur. Bununla əlaqədar, mayın 28-dən iyunun 5-dək İzmirdə “Azərbaycan mədəniyyət günləri” keçiriləcək”.
C.Məhmətxanoğlu Türkiyədə yaşayan Azərbaycan türklərinin birinci qurultayının 9 il əvvəl keçirildiyini qeyd edərək deyib: “Həmin qurultaya 400-dən çox qonaq qatılmışdı. İkinci qurultayın keçirilməsində məqsədimiz Türkiyədə yaşayan iş, elm və mədəniyyət adamlarını birləşdirən təşkilatlar yaratmaqdır”.
Sonra Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, tarixçi Qafar Çaxmaqlı və digər qonaqların çıxışları dinlənilib.