İDMAN
UEFA Çempionlar Liqası: “Qarabağ” komandası “Dundalk”ı darmadağın edib VİDEO
Bakı, 31 iyul, Nicat Məmmədov, AZƏRTAC
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində iyulun 31-də keçirilən “Qarabağ” - “Dundalk” oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesab erkən qolla açıla bilərdi. Belə ki, Riçard Almeydanın ötürməsindən sonra Mahir Emrəli qapıçı ilə təkbətək qalıb. Azərbaycan milli komandasının futbolçusunun vurduğu zərbə qapıdan yan keçib. Görüşün 13-ü dəqiqəsində ağdamlılar hesabı açmağa nail olublar. “Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romeo uzaq məsafədən yaxın küncü dəqiq nişan alaraq baxımlı qola imza atıb - 1:0. Qoldan sonra hücumlarını dayandırmayan “Qarabağ” növbəti təhlükəli vəziyyəti görüşün 24-cü dəqiqəsində yaradıb. Ailtonun cinah ötürməsindən sonra Filip Ozobiçin qapıya vurduğu zərbəni rəqibin qapıçısı uzaqlaşdıra bilib. Həmin epizodda Filip Ozobiç zədələnərək meydanı tərk edib. Onun yerinə meydana Dani Kintana çıxıb. Birinci hissənin sonrakı dəqiqələrində hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Qarşılaşmanın ikinci hissəsində daha üstün oyun nümayiş etdirən “Qarabağ” ikinci hissədə daha iki qol vurub. Matçın 76-cı dəqiqəsində Ailton Maksim Medvedevin cinah ötürməsindən sonra başla dəqiq zərbə endirib - 2:0. Oyunun 87-ci dəqiqəsində Qurban Qurbanovun yetirmələri hesab arasındakı fərqi üç topa çatdırıblar. Xayme Romeo adını tabloya yazdıraraq oyunda dubla imza atıb.
Görüş 3:0 hesabı ilə “Qarabağ” klubunun xeyrinə başa çatıb.
Beləliklə, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsini uğurla başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.
“Qarabağ”ın növbəti mərhələdəki rəqibi Kipr təmsilçisi APOEL olacaq.