Xaçmazda keçirilən yay düşərgəsi başa çatıb
Xaçmaz, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Nabran ərazisindəki meşə massivində uşaqlar, yeniyetmələr və gənclər üçün təşkil olunan yay düşərgəsi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən düşərgədə Vətən müharibəsi iştirakçılarının, şəhid və qazi ailələrinin, həmçinin aztəminatlı ailələrin övladları iştirak ediblər.
Düşərgə çərçivəsində uşaq və yeniyetmələrin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə onların təklifləri əsasında müxtəlif oyunlar və təlimlər keçirilib.
Düşərgənin proqramına əsasən əyləncəli oyunlarla yanaşı, gənc təlimçilər Vüsal Əlixanov və Nəzmiyə Osmanova tərəfindən "Bizim gələcəyimiz" adlı ekooyun və ekologiyanın qlobal problemlərinə həsr olunmuş ekotəlim, həmçinin uşaq və yeniyetmələr arasında "Nə? Harada? Nə zaman" formatında intellektual yarış təşkil edilib.
Vətən müharibəsi qaziləri Coşqun Cəbrayılov və Asim Məmmədov düşərgə iştirakçıları ilə görüşərək öz döyüş xatirələrini bölüşüblər.
Düşərgə müddətində keçirilmiş fəaliyyətlərdə fərqlənən uşaqlara, yeniyetmələrə və gənclərə idarə tərəfindən fəxri fərmanlar təqdim olunub.
Düşərgədə ümumilikdə 35 nəfər uşaq, yeniyetmə və gənc iştirak ediblər.