Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir?
Bakı, 18 avqust, AZƏRTAC
Qida zəncirində təhlükəsizliyin təmin olunması və əhalinin sağlamlığının qorunması üçün heyvan kəsimi mütləq baytarlıq nəzarəti altında aparılmalıdır. Kəsimə yalnız sağlamlığı əvvəlcədən təsdiq edilmiş heyvanlar cəlb oluna bilər. Bəzən isə bunun əksi olan hallarla rastlaşırıq. Nəticədə insan sağlamlığı üçün risk yaradan xoşagəlməz hadisələr baş verə bilər. Bəs, bu risklər və təhlükələr hansılardır?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, heyvanlar arasında yayılan və insan sağlamlığı üçün ciddi təhlükə yaradan zoonoz xəstəliklərdən biri də qarayaradır. Xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilməsi, onların ətinin və subməhsullarının (daxili orqanlarının) satışa çıxarılması yolverilməzdir. Bu cür heyvanların ətinin satışa çıxarılması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, ciddi sanitariya-epidemioloji risklər yaradır. Sahibkarlar xəstəlik əlamətləri müşahidə olunan heyvanları kəsməməli, satışa təqdim etməməli və bu barədə dərhal aidiyyəti qurumlara məlumat verməlidirlər. Bir heyvanın sağlamlığına laqeyd yanaşmaq insanların sağlamlığını risk altına qoya bilər.
“Unutmayaq ki, qarayara xəstəliyinin törədicisi torpaqda uzun müddət yaşamaq qabiliyyətinə malikdir. Bu səbəbdən xəstə heyvanın öldüyü və ya kəsildiyi ərazi 50 ilədək insanların və heyvanların yoluxmasına səbəb ola bilər”, - deyə məlumatda vurğulanıb.