Endi Börnhem: Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək
London, 18 avqust, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Endi Börnhem Rusiyanın xəbərdarlığından sonra ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, rəsmi Moskvanın Ukraynanın Rusiya ərazisinə son hücumlarında Böyük Britaniyanın istehsalı olan dronlardan istifadə edilməsinə görə nəticələrin olacağı barədə xəbərdarlığına münasibət bildirən Baş nazir Londonun mövqeyinin dəyişmədiyini deyib:“Biz Ukraynanı 100 faiz dəstəkləməyə davam edəcəyik. Biz yalnız yaxşı günlərin dostu deyilik. Ukraynanın ehtiyac duyduğu vaxt onun yanında olacağıq və bu dəyişməyəcək”.
Rusiyanın Böyük Britaniyadakı səfirliyi isə rəsmi Londonu Ukrayna böhranını qəsdən gərginləşdirməkdə ittiham edib. Səfirliyin bəyanatında bildirilib ki, bu ölkənin münaqişədə iştirakı dərinləşdikcə bunun əvəzində ödəyəcəyi bədəl də artacaq.
Rusiya tərəfi Londonun hərəkətlərinin qaçılmaz nəticələrinin olacağını bildirsə də, mümkün cavab tədbirlərinin nədən ibarət ola biləcəyini açıqlamayıb.
Qeyd edək ki, son vaxtlar Ukrayna Rusiyanın obyektlərinə hücumlarını intensivləşdirib. Hücumlarda, xüsusilə neft emalı müəssisələri və logistika obyektləri hədəfə alınır. E. Börnhem bildirib ki, Böyük Britaniya Ukraynaya özünü müdafiə edə bilməsi üçün yardım göstərir və bu, müharibə boyunca, əvvəlki Böyük Britaniya hökumətlərinin də mövqeyi olub. Rusiya bundan əvvəl də Ukraynaya dron texnologiyaları və “Storm Shadow” raketlərinin verilməsinə görə Böyük Britaniyaya xəbərdarlıq edib.