Sənətşünas: ARKA-nın layihələri dəstəkləməsi kino sahəsində inkişafın göstəricisidir
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycanda uzun illərdir kino və filmlər haqqında yazan çoxsaylı mütəxəssislər var. Eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasında kinoşünaslar yetişdirilir, onların arasından çox istedadlı gənclər üzə çıxır”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının rəhbəri, ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Nadir Bədəlov söyləyib.
O diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən keçirilən müsabiqələrdə ən yaxşı layihələr seçilərək dövlət tərəfindən dəstəklənir: “Bu, ölkəmizdə kino prosesinin davam və inkişaf etdiyini göstərən mühüm amillərdən biridir. Həqiqətən də, son dövrdə maraqlı filmlər ərsəyə gəlir. Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyası artıq ikinci ildir ki, müsabiqə təşkil edir. Ötən il “İlin ən yaxşı filmi” və digər nominasiyalar üzrə qaliblər müəyyənləşdirildi, onların işləri televiziya vasitəsilə nümayiş olundu, haqqında məqalələr yazıldı və müxtəlif rəylər bildirildi.
Builki müsabiqədə də yeni adların, fərqli üslub və yanaşmaların ortaya çıxması sevindirici haldır. Şah əsərlərin yaranmasına gəldikdə isə, inanıram ki, onlar da zamanla ərsəyə gələcək. Əsas odur ki, proses dayanmasın, fəaliyyət və axtarışlar davam etsin”.