ABŞ-İran razılaşması ilə bağlı qeyri-müəyyənlik nefti bahalaşdırır
Bakı, 18 avqust, AZƏRTAC
Neftin bahalaşması davam edir. Buna ABŞ və İran arasında Yaxın Şərqdəki münaqişənin sona çatdırılması ilə bağlı razılaşmanın əldə olunacağına dair ümidlərin azalması və enerji təchizatında uzunmüddətli fasilələr yaranacağı ilə bağlı narahatlıqların artması səbəb olur.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,31 dollar artaraq 91,18 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,69 dollar artaraq 85,19 dollar təşkil edib.
Analitiklərin fikrincə, bazarda qiymətlərin yüksəlməsinə əsas səbəb ABŞ Prezidenti Donald Trampın ABŞ-İran sülh razılaşmasının müddətini uzatmayacağı barədə qərarı və Hörmüz boğazında təhlükəsizliklə bağlı davam edən narahatlıqlardır.
Sülh danışıqlarında irəliləyişin dayanması və Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunmaması münaqişənin uzanacağı ilə bağlı narahatlıqları artırıb. ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hücumların ardınca regionda enerji təchizatının təhlükəsizliyi əsas risklərdən biri olaraq qalır.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehran ABŞ-nin iyunda imzalanmış müvəqqəti razılaşmanın şərtlərini yerinə yetirənədək Hörmüz boğazını bağlı saxlayacaq. Donald Tramp isə daha əvvəl həmin razılaşmanın qüvvədən düşdüyünü bəyan edib.
Ekspertlərin fikrincə, hər hansı razılaşmanın əldə olunmaması ilin dördüncü rübündə və hətta 2027-ci ildə neft qiymətlərinə dair gözləntilərə təsir göstərə bilər.
Bununla belə, Hörmüz boğazından müəyyən həcmdə neftin daşınması davam edir. Lakin boğazdan keçən gəmilərin sayı hələ də çox azdır. Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti boğaz daxilində neft yükləmələrini bərpa edib. İran, eyni zamanda, Hörmüz boğazının idarə olunması ilə bağlı Omanla danışıqlar aparır.
Mütəxəssislər hesab edirlər ki, ABŞ-İran danışıqlarında irəliləyişin olmaması və Hörmüz boğazında neft daşımalarının məhdud qalması enerji bazarında təchizat risklərini artıraraq neft qiymətlərinə təzyiq göstərə bilər.