Nadir Bədəlov: Festivallarda kinoşünasların rəyi böyük əhəmiyyət daşıyır
Bakı, 18 avqust, AZƏRTAC
Kino anlayışı təkcə filmlərin istehsalını deyil, həmçinin onların təbliği, afişa tərtibatı, resenziya və analitik məqalələr, konfrans və müzakirələr kimi fəaliyyətləri də əhatə edir. Bütün bu komponentlər kinematoqrafik prosesin canlılığını və bütövlüyünü təmin edir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünas, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Nadir Bədəlov söyləyib.
O qeyd edib ki, kino, ilk növbədə, yaradıcı qrupun əməyinin nəticəsidir. Eyni zamanda, filmə münasibətin formalaşmasında tamaşaçıların da rolu böyükdür: “Bu münasibətin formalaşmasında kinoşünaslar mühüm rol oynayırlar. Lakin söhbət yalnız peşəkar kinoşünaslardan getmir. Bu gün kinoya maraq göstərən insanlar da müəyyən mənada kinoşünaslıq fəaliyyəti ilə məşğul olurlar. Hazırda elə platformalar və saytlar var ki, orada istənilən şəxs filmlər haqqında öz fikrini, rəyini və ya məqaləsini yaza bilər. Heç kim ondan kinoşünas olub-olmadığını soruşmur. Əsas məsələ filmlər ətrafında müəyyən fikir, rəy və münasibətin formalaşmasıdır. Bu qiymətləndirmə prosesində, sözsüz ki, peşəkar kino xadimlərinin, kinoşünasların və kinotənqidçilərin rolu xüsusilə mühümdür. Filmlərimizin bir çoxu, demək olar ki, yarıdan çoxu, festivallarda iştirak etmək məqsədilə çəkilir. Festivallarda da kinoşünasların və kinotənqidçilərin rəyi böyük əhəmiyyət daşıyır.
Bütün beynəlxalq və nüfuzlu festivallarda kinoşünaslar və kinotənqidçilər tərəfindən təqdim olunan mükafatlar da təsis edilir. Bəzi filmlər məhz kinoşünasların rəğbətini qazandığı üçün mükafatlandırılır. Bu da heç də kiçik mükafat deyil. Qran-Priyə bərabər olmasa da, ona yaxın səviyyədə qiymətləndirilə bilən bir mükafatdır”, - deyə N.Bədəlov əlavə edib.
Müxbir – Fidan Əlizadə