Xurşidbanu Natəvanın 190 illiyi qeyd edilib
Sumqayıt, 23 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Nizami Gəncəvi adına kitabxana-klubunda Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan “Natəvanın lirik poeziyası” adlı ədəbi-bədii gecə keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, öncə kitabxananın multimedia mütəxəssisi Səadət Allahverdiyeva çıxış edərək, şairənin yaradıcılığı haqqında məlumat verib.
Sonra 24 nömrəli tam orta məktəbin şagirdləri şairənin qəzəllərindən nümunələr səsləndiriblər. Daha sonra onların ifasında Natəvanın Aleksandr Düma ilə şahmat oynadığı səhnə təqdim edilib.
Sonda kitabxana əməkdaşlarının X.Natəvan haqqında hazırladığı videoçarx nümayiş olunub və şagirdlər kitabxanada təşkil edilən “Şuşanın inciləri” adlı sərgiyə baxıblar.