REGİONLAR
Yaradıcılıq festivalının iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında məlumatlandırılıblar
Quba, 21 iyun, Elxan Yusifli, AZƏRTAC
“Alovlu Qafqaz” III Uşaq–Gənclərin Folklor Rəqs və Yaradıcılıq festivalı çərçivəsində növbəti konsert Qubada təqdim olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 21-də rayona gələn festival iştirakçıları ilə icra hakimiyyətində görüş keçirilib. Gürcüstanı, Rusiyanın Şimali Osetiya–Alaniya, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarını, eləcə də Azərbaycanın müxtəlif uşaq gənclər inkişaf mərkəzlərini təmsil edən kollektivlərə Quba rayonu haqqında ətraflı məlumat verilib.
Görüşdən sonra Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən qonaqlar 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Alovlu Qafqaz” III Uşaq –Gənclərin Folklor Rəqs və Yaradıcılıq festivalı çərçivəsində konsert proqramı bu gün Quba şəhərindəki “Yaşıl teatr”da təqdim olunacaq. Konsertdə Bakı, Quba, Xaçmaz, Goranboy, Şabran, Qazax, İsmayıllı, Lənkəran uşaq gənclər inkişaf mərkəzlərini, eləcə də Gürcüstan və Rusiyanı təmsil edən rəqs və yaradıcılıq kollektivləri bir-birindən maraqlı çıxışlar edəcəklər.
Festivalda ümumilikdə 700-dən çox uşaq və gənc iştirak edir.