CƏMİYYƏT
Yeniyetmə və gənclərə narkotik vasitələrin zərərli təsiri izah olunmalıdır
Bakı, 6 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında maarifləndirmə tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat veriblər.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısının müavini Aygün Əliyeva açaraq son illər rayonda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər barədə danışıb.
Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayanların profilaktik işinin təşkili şöbəsinin baş inspektoru, polkovnik-leytenant Əkbər Əkbərov yeniyetmələr arasında cinayətə meyilliyin fəsadları, onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınması sahəsində qarşıda duran vəzifələr barədə məruzə edib.
Rayon polis idarəsinin rəisi müavini, polkovnik-leytenant Oqtay Süleymanlı öz çıxışında tədbir iştirakçılarına dini radikalizmin zərərli təsirləri, həkim-narkoloq Bəhram Əhmədov yeniyetmə və gənclər arasında narkotik vasitələr qəbulunun orqanizmə zərərli təsiri, onun törətdiyi fəsadlar haqqında məlumat verib.
Rayon qeydiyyat şöbəsinin müdiri Tahirə Əsgərova yetkinlik yaşına çatmayan qızların erkən nikahlara cəlb edilməsinin qarşısının alınmasına dair görülən işlər barədə danışaraq son illərdə bu sahədə statistik azalmanın olduğunu bildirib.
Tədbirdə Daxili İşlər Nazirliyinin hazırladığı videoçarx nümayiş etdirilib.