ELM VƏ TƏHSİL


Zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün təlimlər başlanıb

Bakı, 21 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə təlimlər mərhələsinə başlayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimlər Azərbaycan Universitetində iki gün müddətində 25 nəfərlik qruplarda keçirilir.

Təlimlərin birinci günü səmərəli ünsiyyət və işgüzar etiket, ünsiyyət prosesində stresin idarə olunması, etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.

Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir, tapşırıqlar qoyulur və fikir mübadiləsi aparılır.

Xatırladaq ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat ötən ilin avqust ayından başlanıb və 881 nəfər qeydiyyatdan keçib.

Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Sonra namizədlər yekun test imtahanı verəcəklər. İmtahandan məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.