“ ELM” QƏZETİ AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 80 İLLİYİNƏ XÜSUSİ NÖMRƏ HƏSR ETMİŞDİR
Milli Elmlər Akademiyasının mətbu nəşri olan “Elm” qəzetinin Zərifə xanım Əliyevanın doğum gününün 80 illiyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxmışdır. Buraxılışda Azərbaycanın görkəmli elm və ictimai xadimləri-Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, akademiklər Musa Musayev, Mircavad Cavadzadə, Əhliman Əmiraslanov, Adilə Namazova, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli ilə yanaşı, Rusiya Federasiyası alimlərinin - Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü A.Nesterovun, professor A.Brovkinanın da yazıları yer almışdır. Onlar Zərifə xanım Əliyevanı dünya oftalmologiya elminin nadir tədqiqatçısı, Azərbaycan oftalmologiya məktəbinin banisi, göz zədələnmələrinin müasir müalicə üsullarının yaradıcısı kimi xarakterizə edir, elmi, pedaqoji və ictimai fəaliyyətindən söhbət açırlar. Qeyd edirlər ki, Zərifə xanım bir elm fədaisi kimi, yaradıcılıq yolunun əziyyətlərinə mərdliklə sinə gərmiş, insanlığı, mənəvi-əxlaqi dəyərləri, həkim etikasını hər şeydən üstün tutmuş, yüksək mədəniyyətə, intellektə malik bir ziyalı olmuşdur.
Qəzetin xüsusi buraxılışında Zərifə xanım Əliyevadan bəhs edən müxtəlif səpkili yazıları oxuduqca müasir oftalmologiya elminin dühalarından birinin azərbaycanlı olduğu ilə fəxr edir və sevinirsən. Sevinirsən ki, onu təkcə Azərbaycanda deyil, digər ölkələrdə də fəxrlə yad edirlər. Bu mənada A.Nesterov və A.Brovkinanın dedikləri çox xarakterikdir: “Zərifə xanım o nadir insanlara aid edilə bilər ki, onlar haqqında “unudulmazlar” ifadəsini qətiyyətlə işlətmək mümkündür. Zərifə xanım onu yaxından tanıyanların yaddaşında həmişə canlı və seviləndir”.