"Qalatasaray" komandası Türkiyə Superliqasında turnir cədvəlinin birinci pilləsinə yüksəlib
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də futbol üzrə Türkiyə Superliqasının XXIX turunun növbəti görüşündə çempionluğa əsas namizədlərdən olan komandalar qarşılaşıblar. Turnir cədvəlinin üçüncü pilləsindəki "Qalatasaray" öz meydanında ikinci sıradakı "Başakşehir" komandasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, turun ən maraqla gözlənilən və liderlik uğrunda mübarizə aparan komandaların görüşü 2:0 hesabı ilə "Qalatasaray"ın qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunun 61-ci dəqiqəsində qalatasaraylıların braziliyalı müdafiəçisi Mariano vurduğu qolla komandasını hesabda irəli çıxarıb - 1:0. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə ev sahibi hesab arasındakı fərqi artırıb. "Başakşehir"in toqolu hücumçu Emmanuel Adebayor topu öz qapısından keçirib - 2:0.
Gərginliyi ilə yadda qalan qarşılaşmada baş hakim Halil Umut Meler futbolçulara 6 sarı kart göstərib. Bundan başqa, "Qalatasaray"ın azarkeşləri komandanın sabiq futbolçusu Arda Turana qarşı oyunboyu sərt reaksiya göstərərək "Cim-bom"a xəyanət edənə, biz də edərik" şüarı səsləndiriblər.
"Türk Telekom Arena"da keçirilən oyunu 48 minə yaxın tamaşaçı izləyib.
Xatırladaq ki, Fatih Terimin baş məşqçisi olduğu komanda bu mövsüm səfərdə oynadığı görüşdə "Başakşehir"ə 1:5 hesab ilə məğlub olmuşdu.
Bugünkü oyundakı qələbədən sonra xallarının sayını 60-a çatdıran "Qalatasaray" çempionatda "Başakşehir"i və "Beşiktaş"ı qabaqlayaraq turnir cədvəlində yenidən lider olub. İkinci və üçüncü yerlərdə qərarlaşan "Beşiktaş" və "Başakşehir"in hər birinin 59 xalı var. "Fənərbağça" 57 xalla dördüncü, "Trabzonspor" 45 xalla beşinci pillədədir.
Bu gün keçirilən digər oyunlarda "Kayserispor" öz meydanında "Gənclərbirliyi"dən 3:2, "Göztəpə" isə "Bursaspor"dan 2:1 hesabı ilə üstün olub. "Antalyaspor" - "Konyaspor" görüşündə hesab açılmayıb - 0:0.
Tura aprelin 16-da keçiriləcək "Osmanlıspor" - "Trabzonspor" oyunu ilə yekun vurulacaq.