"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib
Bakı, 16 iyul, AZƏRTAC
Bakıda “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Birliyin sədri Elməddin Muradlı müzakirənin yol-nəqliyyat hadisələrinin təsnifatının aparılması baxımından əhəmiyyətindən danışıb. O, yol-nəqliyyat hadisələrində sürət həddinin aşılması, piyadaların qaydalara əməl etməsi ilə bağlı məsələlərə diqqət çəkib.
Hüquqşünas Ərşad Hüseynov vurğulayıb ki, dünyada aparılan araşdırmalara əsasən, yol-nəqliyyat hadisələri zamanı ən çox zərərçəkənlər 9-29 yaş arasında olanlardır:“Təhlükəsizlik qaydalarını tam dərk etməyənlər var. Hərəkət iştirakçısı olmayan şəxslər yolun hərəkət hissəsində iştikaçılar üçün maneə yaradırlar. Ən sadə qaydalardan olan dayanma-durmaya əməl edilmir. Yol mədəniyyətini, ictimai təhlükəsizliyi vərdişə çevirmək lazımdır”.
Ekspert İltizam Yusifov bildirib ki, bəzən respublikamızda adambaşına düşən avtomobil sayının çox olduğu düşünülür. Amma o, 1000 nəfərə düşən abtomobil sayına görə ölkəmizlə bağlı göstəricinin yüksək olmadığını söyləyib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov qeyd edib ki, ictimai avtobus parkının yenilənməsi həyata keçirilir. O, eyni zamanda, piyadalar və velosipedçilər üçün infrastruktur layihələrinə önəm verilməsinin vacibliyini diqqətə çatdırıb:”Bu mərhələdə Təbriz küçəsində pilot layihə həyata keçirilir. İslam Səfərli küçəsi Bakıda ən çox tarixi binaların olduğu yerdir. Məqsəd bu küçədən əsasən piyadaların istifadə etməsinin təmin olunmasıdır Amma tranzit küçə kimi də yol saxlanılacaq”.
Daxili İşlər Nazirliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov son illərdə yol-nəqliyyat hadisələrinin ciddi şəkildə azaldığını bildirib. O, belə hadisələrin qarşısının alınmasında təbliğat və maarifləndirmə işinin önəmini vurğulayıb. "Son 6 ayda motosiklet, moped və skuter sürücüləri ilə bağlı 17 yol-nəqliyyat hadisəsi baş verib. Bu artan tendensiya hər birimizi narahat edir. Media nümayəndələrini yeni yaranan problemin yerində həlli işlərinə dəstək verməyə çağırırıq. Təkcə polis əməkdaşları deyil, hər bir vətəndaş bu işlərdə fəal iştirak etməlidir. Cəmiyyətin bütün təbəqələri ilə maarifləndirmə işləri aparılmalıdır. Biz də bu istiqamətdə fəaliyyətimizi davam etdiririk" - deyə o diqqətə çatdırıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadə deyib ki, 2023-cü ildə 400, 2024-cü ildə 339 nəqliyyat vasitəsində yanğın baş verib. Bu il iyulun 15-dək isə 240 belə hal qeydə alınıb. O diqqətə çatdırıb ki, 2023-cü ildə yol-nəqliyyat hadisələri zamanı baş verən yanğınlarda 10 nəfər həyatını itirib. 2024-cü ildə isə bu göstərici 1-ə enib:“Müvafiq rəqəmlər hər il azalır. Bunun əsas səbəbi maarifləndirmə ilə bağlıdır".
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Müvəssil Allahverdiyev yol-nəqliyyat hadisələri baş verən zaman vətəndaşların üzərinə düşən məsuliyyətdən danışıb. O qeyd edib ki, bəzi hallarda vətəndaşlar ilkin tibbi yardım göstərənlərin, xilasedicilərin işinə mane olurlar: "Bəzi vətəndaşlar qəzanı telefonla çəkir və digər hərəkətlər edirlər. Bu zaman xilasedicilərin işinə maneə olurlar', - deyə o əlavə edib.
Tədbir müzakirələrlə davam edib.