ABŞ AZƏRBAYCANLILARIN MÜMKÜN QƏDƏR TEZLİKLƏ DOĞMA TORPAQLARINA QAYITMASINI İSTƏYİR
D.Frid Bakıda keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqları, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin fevralda Fransadakı görüşünün nəticələrini müzakirə etdiklərini vurğulamışdır. O demişdir: “Azərbaycan nümayəndə heyəti danışıqlar prosesində öz milli maraqlarını çox güclü və qətiyyətlə müdafiə edir. Onlar eyni zamanda konstruktiv çıxış yolunun tapılmasına da hazırdırlar”.
Dövlət katibinin müavini səfər zamanı ABŞ-ın Azərbaycanla strateji münasibətlərini əhatə edən məsələlərə dair fikir mübadiləsi apardıqlarını da bildirərək demişdir: “ABŞ-ın Azərbaycan hökuməti və xalqı ilə möhkəm dostluq əlaqələri var. Biz Azərbaycanı Avratlantika məkanında sülh şəraitində yaşayan, müstəqil və iqtisadi cəhətdən inkişaf edən bir ölkə kimi görmək istəyirik. Bu, Azərbaycanla əlaqələrimizi daha da inkişaf etdirmək üçün mühüm stimuldur”.
Görüşlərdə, əsasən, regional məsələlərin, Azərbaycanın enerji sahəsində qazandığı uğurların, habelə ölkəmizin demokratik inkişafının müzakirə olunduğunu qeyd edən diplomat, Birləşmiş Ştatların Azərbaycanda demokratiyanın inkişafını dəstəklədiyini vurğulamışdır.
ABŞ-ın Azərbaycanla hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığının mütəmadi olaraq möhkəmləndiyini nəzərə çarpdıran D.Frid münasibətlərimizin inkişafına hərbi əməkdaşlığın töhfəsini yüksək qiymətləndirmişdir.