ABŞ Daxili Təhlükəsizliyi Nazirliyi Superboul ərəfəsində potensial təhlükələrin monitorinqini keçirir
Vaşinqton, 5 fevral, AZƏRTAC
ABŞ Daxili Təhlükəsizliyi Nazirliyinin katib müavini vəzifəsini icra edən Devid Pekoske bildirib ki, Superboul ərəfəsində hələlik heç bir real təhlükə olmasa da agentlik zorakı ekstremizm təhdidlərini diqqətlə izləyir.
AZƏRTAC xəbər verir ki, bazar günü, fevralın 7-də Florida ştatının Tampa şəhərində Superboul (ABŞ Milli Futbol Liqasının çempionu adı uğrunda final oyunu) keçiriləcək. Yanvarın 6-da Trampın tərəfdarlarının bir qrupu Konqres binasına hücum edəndən sonra ölkənin hüquq-mühafizə orqanları yüksək hazırlıq rejimində fəaliyyət göstərir.
Devid Pekoske deyib: “Hazırda əsas problem ölkə daxilində zorakı ekstremizm hallarıdır. Doğrudur, Superboula qarşı heç bir konkret və ya real təhlükə yoxdur, lakin bu, kifayət qədər əlamətdar hadisədir və təhlükəsizliyin təminatına hazırlıq işləri müvafiq qaydada təşkil edilib”.
O bildirib ki, Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən hələ yanvarın 27-də “Terrorizmə qarşı Milli mübarizə sistemi” bülletenində dərc edilib. Agentliyin rəhbərliyi həmin bülletendə xəbərdarlıq edib ki, 2020-ci il Prezident seçkilərində dələduzluq haqqında əsassız bəyanatlar ABŞ-ın bəzi sakinlərini hiddətləndirib, ona görə də yaxın həftələrdə həmin sakinlər tərəfindən zorakılıq aktları törədilə bilər.
AZƏRTAC-ın Vaşinqton bürosu