ABŞ DÖVLƏT DEPARTAMENTİ DAĞLIQ QARABAĞI VƏ ONUN HAKİMİYYƏTİNİ TANIMIR
“Birləşmiş Ştatlar Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və onun hakimiyyəti nə beynəlxalq birlik, nə də ABŞ tərəfindən tanınmır. ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, Dağlıq Qarabağın gələcək statusu tərəflər arasında danışıqlar nəticəsində müəyyənləşməlidir”. Bu bəyanat Dövlət Departamentinin yanvarın 31-də yaydığı “ABŞ və Dağlıq Qarabağ” sərlövhəli faktlar siyahısına daxil edilmişdir.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Dağlıq Qarabağ münaqişəsinə dair əsas rəqəmləri və tarixləri əks edən məlumatda Dövlət Departamenti vurğulayır ki, ABŞ münaqişənin sülh yolu ilə aradan qaldırılmasında fəal vasitəçi rolunu davam etdirir və problemin həlli yolunun Minsk qrupu çərçivəsində axtarılmasının tərəfdarıdır.
Dövlət Departamentinin yaydığı faktlar siyahısında bildirilir ki, Dağlıq Qarabağla bağlı silahlı münaqişə 1990-cı ildən 1994-cü ilədək davam etmişdir. 1994-cü ildə tərəflər arasında atəşkəs əldə olunarkən erməni silahlı qüvvələri Dağlıq Qarabağa və Azərbaycanın onun ətrafındakı digər geniş ərazilərinə nəzarət edirdilər. Hərbi əməliyyatlar və Ermənistandan azərbaycanlıların çıxarılması nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün düşmüşdür. Hazırda təxminən 100 min nəfər azərbaycanlı qaçqın düşərgələrində dözülməz şəraitdə yaşayırlar. Türkiyə Azərbaycanla həmrəyliyini nümayiş etdirərək, Ermənistanla sərhədini bağlamışdır və bu günə qədər açmamışdır. Atəşkəs rejiminin ara-sıra pozulmasına baxmayaraq, tərəflər münaqişənin danışıqlar vasitəsilə həllinə sadiq qaldıqlarını bəyan edirlər.
Məlumatda sülh danışıqlarının tarixçəsi xatırladılaraq vurğulanır ki, fikir ayrılıqları hələ də aradan qaldırılmamışdır. 2004-cü ildə Minsk qrupunun həmsədrləri dialoqun yenidən başlanması məqsədi ilə Praqada Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüşlərin keçirilməsi təşəbbüsü ilə çıxış etmişlər. Xarici işlər nazirlərinin, habelə Varşava və Astanada prezidentlər İlham Əliyevin və Robert Koçaryanın görüşlərinin davamı kimi həmsədrlər və tərəflər “Praqa prosesini” 2005-ci ildə də davam etdirmək haqqında razılığa gəlmişlər.