Abşeron iqtisadi rayonu üzrə pərakəndə ticarət dövriyyəsi artıb
Bakı, 20 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə Abşeron iqtisadi rayonu üzrə 0,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə Bakı, Quba-Xaçmaz iqtisadi rayonu, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 1 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 1,2 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 2,2 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 3,2 faiz, Aran iqtisadi rayonu üzrə 3,5 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 4,4 faiz, Lənkəran iqtisadi rayonu üzrə 8,2 faiz azalıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında topdansatış ticarət dövriyyəsi 12,1 faiz azalaraq 12 milyard 513,4 milyon manata bərabər olub. Ticarət dövriyyəsinin 36,6 faizini ərzaq məhsulları, 12,4 faizini içkilər və tütün məmulatları, 12,9 faizini toxuculuq məhsulları, geyim və ayaqqabılar, 6,7 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 5,3 faizini avtomobil benzini və dizel yanacağı, 1,5 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 1,3 faizini elektrik malları və mebellər, 23,3 faizini isə digər qeyri-ərzaq malları təşkil edib.